Arxiv
B.ü.f.d., əməkdar müəllim Ələddin Qədimovun 60 yaşı tamam olur
03.06.2022

Əziz və hörmətli Ələddin müəllim!

                 АМЕА Botanika İnstitutunun kollektivi adından Sizi anadan olmanızın 60-illik yubiley tarixi münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür, elmi-pedaqoji və təşkilati fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq!

         Artıq 35 ildən yuxarı müddətdir ki, Siz öz elmi həyatınızı Botanika İnstitutu ilə bağlamısınız. 1987-1989-cu illərdə keçmiş SSRİ Elmlər Akademiyasının  Moskva şəhərində yerləşən Bitki Fiziologiyası İnstitutunda stajor-tədqiqatçı kimi təcrübə keçməniz, bitki fizioloqu olaraq püxtələşmənizə təkan vermişdir. 1989-cu ildən etibarən Botanika İnstitutunda kiçik elmi işçi vəzifəsindən hazırkı şöbə müdiri vəzifəsinə qədər yüksəlməniz və yubileyiniz ərəfəsində İnstitutun Elmi Şurasının üzvü kimi təsdiq olunmanız Sizə bir alim və elm  təşkilatçısı olaraq etimad göstərildiyinin bariz nümunəsidir. 

         146 elmi əsərin, 2 patentin müəllifi olmanız, əldə etdiyiniz nəticələrin beynəlxalq forumlarda uğurla təqdim etməniz Sizin yetkin bir alim olaraq dəyərləndirilməyinizə əsas verir. 10 ilə yaxın bir müddətdə (2004-2013)  Sumqayıt Dövlət Universitetində pedaqoji sferada da paralel  fəaliyyət göstərərək, bitki fiziologiyası ixtisası üzrə fənn proqramının və 1 dərs vəsaitinin müəllifi olmanız, hazırladığınız tələbə və magistrlər, Sizin, eləcə də qayğıkeş pedaqoq olaraq təqdimatınızı zəruri edir. Bu baxımdan, pedaqoji əməyinizin dövlət səviyyəsində dəyərləndirilərək, Əməkdar müəllim fəxri adına layiq görülməniz çox fərəhlidir. Əlbəttə ki, bütün bunlar məhsuldar əmək fəaliyyətinizin nəticəsidir və şübhə etmirik ki, Siz bu statusu həmişə qoruyub saxlayacaqsınız. Siz, həmçinin mehriban rəftarınız, sadəliyiniz, xeyirxahlığınız, obyektiv, prinsipial və eyni zamanda güzəştə getməyi bacaran sadə, ünsiyyətcil  bir insan olmanız sayəsində kollektivin də dərin hörmətini qazana bilmisiniz.

         Əziz və hörmətli Ələddin müəllim! Sizi bu tarixi gün münasibətilə Botanika institutunun kollektivi adından bir daha ürəkdən təbrik edir, yeni dəyərli elmi nəticələrə imza atmanızı, gənc mütəxəssislərin alimlər cərgəsinə qoşulmalarına dəstək olmanızı və elmi-təşkilati fəaliyyətinizdə hər zaman ön cərgələrdə görünmənizi arzulayırıq! Uğura aparan yolunuzun üstündə həmişə yaşıl işıq nur saçsın!

         Yeni yaşınız Sizə, eləcə də böyük ailə səadəti, qürur, fərəh gətirən hadisələr və övladlarınızın şad günlərini nəsib etsin! Hər açılan səhərlər Sizə xoş müjdələr, hər bitən gün qəlb rahatlığı və ümidlə dolu sabahların sorağını gətirsin!