Arxiv
Azərbaycan və Türkiyə alimlərinin COST layihələrində birgə iştirakı üzrə onlayn görüş təşkil edilib
28.06.2022

Avropa Komissiyasının Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) koordinatoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi ilə azərbaycanlı alim və mütəxəsisslərin bu proqramda iştirak fəallığının artırılması üzrə fəaliyyət davam etdirilir.

Bu istiqamətdə AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsi tərəfindən Azərbaycan üzrə MƏŞŞ üzvləri ilə Türkiyə üzrə MƏŞŞ üzvləri arasında əlaqələrin yaradılması istiqamətində fəaliyyət həyata keçirir. Belə ki, azərbaycanlı alim və mütəxəssislərin COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) Fəaliyyəti çərçivəsində layihələrdə fəal iştirakı nəzərə alınaraq, Azərbaycan və Türkiyə alimlərinin COST layihələrində birgə iştirakı üzrə onlayn görüş təşkil edilib.

Tədbirdə AMEA-nın Fizika İnstitutunun icraçı direktoru, professor Hüseyn İbrahimovun və Gazi Universitetinin Elektrik-Elektronik Mühəndisliyi Bölməsinin professoru Cengiz Taplamacioğlunun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər və uzunmüddətli uğurlu elmi əməkdaşlıqlarına əsaslanaraq yeni COST layihəsinin hazırlanmasını müzakirə ediblər.

Gazi Universitetinin professoru Cengiz Taplamacioğlu və AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva Horizon Avropa Proqramı və COST Fəaliyyəti çərçivəsində əməkdaşlıq imkanlarını iştirakçıların diqqətinə çatdırıblar.

Görüşdə COST Fəaliyyəti üzrə Azərbaycan tərəfindən MƏŞ, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov və Türkiyə tərəfindən MƏŞ, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) Beynəlxalq əlaqələr idarəsinin elmi proqramlar üzrə mütəxəssisi Murat Tıltak COST Fəaliyyətinə müraciət qaydaları, proqram çərçivəsində layihələrin həyata keçirilməsi üzrə tələblər, üstünlüklər və imkanlar haqqında ətraflı məlumat veriblər.

AMEA-nın Fizika İnstitutunun və Gazi Universitetinin əməkdaşları təcrübə bölgüsü edib, prioritet elmi istiqamətləri müzakirə edib və müştərək lahiyə üzrə ilkin razılaşma əldə ediblər.

AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm Rüstəmov konsorsiuma digər ölkələrdən olan tərəfdaş təşkilatların nümayəndələrinin dəvət edilməsini təklif edib.

Bu istiqamətdə görüş və müzakirələrin davam etdirilməsi qərara alınıb.