Arxiv
AMEA və Monpelye Universitetinin ikili diplom proqramının 2022-ci il doktorantlarının seçimi üzrə Birgə Seçki Komissiyasının iclası keçirilib
30.06.2022

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında saziş çərçivəsində həyata keçirilən doktorantura səviyyəsində ikili diplom proqramının 2022-ci il doktorantlarının seçimi üzrə Birgə Seçki Komissiyasının onlayn iclası keçirilib.

İclasda AMEA tərəfdən – AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor  Ulduz Həşimova, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Eldar Zeynalov, eləcə də Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin əməkdaşları, Monpelye Universiteti tərəfdən isə universitetin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Patrik Karon, I2S Doktorantura Məktəbinin direktoru, professor Paskal Nouet, CBS2 Doktorantura Məktəbinin direktoru, professor Sofiya Kossida, həmçinin universitetin Beynəlxalq əlaqələr departamentinin nümayəndələri iştirak ediblər.

Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva çıxış edərək AMEA və Monpelye Universitetinin doktorantura səviyyəsində ikili diplom proqramının 2022-ci üzrə elanı, proqrama təqdim edilən mövzular və namizədlər haqqında məlumat verib. O, cari ildə prioritet kimi neyrodegenerativ xəstəliklər və nanofizika istiqamətlərinin seçildiyini bildirib, müştərək doktorantura proqramına təqdim edilmiş mövzular üzrə ilkin seçim mərhələlərindən uğurla keçmiş namizədləri – AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasının məzunu Aygün Süleymanova və AMEA-nın Fizika İnstitutunun magistraturasının məzunu Gülsənəm Əskərxanovanı təqdim edib.

Namizədlər Birgə Seçki Komissiyasının qarşısında müvafiq tədqiqat mövzuları üzrə təqdimatlarla çıxış edib və öz təcrübələri haqqında məlumat veriblər.

Əvvəlcə Aygün Süleymanova “Epilepsiya, şizofreniya və beyin qocalmasında iştirak edən, kannabinoid reseptoru ilə qarşılıqlı əlaqədə olan CRIP1 zülalının 3D strukturu, tək molekullu konformasiya dinamikası və dərman qabiliyyəti” mövzusunda tədqiqat işi haqqında məlumat verib.

Onun sözlərinə görə, müasir tədqiqat və diaqnostika üsullarının tətbiqi ilə şizofreniya, epilepsiya, davranış pozğunluqlarının diaqnostika və müalicəsini təkmilləşdirmək, həmçinin epilepsiya və şizofreniya xəstəliklərinin erkən aşkarlanmasına şərait yaratmaq, bu xəstəliklərə tutulmuş xəstələrin həyat keyfiyyətini və sosial adaptasiyasını yaxşılaşdırmaq mümkün olacaq.

İddiaçı işin əsas məqsədindən bəhs edərək bildirib ki, məqsəd CRIP1-in CB1R siqnalını necə modulyasiya etdiyini və əsas sitoplazmik çeviricilərə qarşı seçici fəaliyyətinə nail olmaq üçün atom həllində CB1R reseptoru ilə CRIP1a arasında qarşılıqlı əlaqənin struktur əsasını həll etmək və əsas konformasiya dinamikasını xarakterizə etməkdir.

Aygün Süleymanova bu layihənin insanlar arasında psixi və davranış pozuntularının yayılmasının qarşısını almağa kömək edəcəyini qeyd edib. Bildirib ki, tədqiqatın nəticələri psixi və davranış pozğunluqlarında yüksək məqsədyönlü tibbi müdaxilələrin inkişafına səbəb ola bilər.

Daha sonra digər namizəd – Gülsənəm Əskərxanova “Karbon nanoboru, nano-antenna” mövzusunda tədqiqat işi haqqında məlumat verib. O, işin əsas məqsədinin müxtəlif maddələrlə aşqarlanmış nanoboruların optik xassələrinin fotonikada istifadəsi üçün öyrənilməsi olduğunu bildirib.

Gülsənəm Əskərxanova dissertasiya işində aşqarlamanın effektinin həm metal, həm də yarımkeçirici karbon nanoboruları üçün tədqiq olunacağını vurğulayıb. Əlavə edib ki, tədqiqat zamanı nümunələrin hazırlanması, optik xarakteristikaların və optik ölçülərin müəyyən edilməsi, elektromaqnit simulyasiyanın aparılması nəzərdə tutulur.

Namizədlər hər iki tərəfdən komissiyanın üzvlərinin suallarını cavablandırıblar.

Fikir mübadiləsi məqsədilə AMEA və Monpelye Universiteti tərəfindən komissiya üzvlərinin ayrılıqda müzakirəsi keçirilib. Tərəflər yenidən bir araya gələrək qərarlarını təqdim edib və müzakirə əsasında ümumi nəticəyə əsasən Gülsənəm Əskərxanova və Aygün Süleymanovanın AMEA və Monpelye Universiteti müştərək doktorantrura proqramına qəbul edilməsi dəstəklənib. Komissiya üzvləri tərəfindən müvafiq sənəd imzalanıb.

Qeyd edək ki, seçilmiş namizədlər təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görülmək hüququ qazanırlar. 2018-ci ildən 6 doktorant bu proqrama qəbul edilib.