Arxiv
Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzi ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
30.08.2022

Pakistanın Lahor şəhərində yerləşən Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin direktoru, professor Kausar Maliki Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) qonağı olub.

Görüş çərçivəsində MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova ilə Pəncab Universitetinin Molekulyar Biologiya üzrə Mükəmməllik Mərkəzinin direktoru, professor Kausar Maliki bu təşkilatlar arasında akademik əməkdaşlıq proqramının yaradılması haqqında razılıq memorandumu imzalayıb.

Memorandum tədqiqat və təhsil proqramları üzrə informasiyaların mübadiləsini, qarşılıqlı maraq kəsb edən elmi sahələr üzrə ixtisas artırma proqramlarının təşkilini, birgə elmi-tədqiqat layihələrinin və tədris proqramlarının həyata keçirilməsini, konfrans, seminar və master-siniflərin təşkilini və s. nəzərdə tutur. İmzalanan memorandum yeni elmi istiqamətlər üzrə və təhsil sahəsində institutun gənc kadrlarının hazırlanması üçün  əhəmiyyət kəsb edir.