Arxiv
Azərbaycanlı alim və mütəxəssislərin Avropa Komissiyasının COST Fəaliyyəti üzrə layihələrdə iştirak fəallığı artır
08.09.2022

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva bu proqram çərçivəsində iştirakçısı olduğu “Bitkilərdə mikroelement metabolizmi” mövzusunda layihə üzrə Ankarada keçirilən illik konfransda iştirak edib.

Tədbirdə mikroelementlər üzrə bitki-torpaq əlaqələri, mikroelementlərin çatışmazlığı və toksikliyinə cavab reaksiyaları, metalloproteinlərin rolu, kənd təsərrüfatı, seleksiya və gübrələnmə prosesinin idarə edilməsinə müvafiq yanaşmalar üzrə müxtəlif ölkələrin və elmi qrupların nailiyyətləri və bu istiqamətdə gələcək elmi tədqiqatlar üzrə ətraflı müzakirələr aparılıb. Tədbir zamanı 2023-cü il üzrə fəaliyyət planı üzrə razılıq əldə edilib. Layihənin nəticələri üzrə təkliflərin hazırlanması, fermerlər, həmçinin müvafiq dövlət və özəl təşkilatların nümayəndələri üçün məlumatlandırıcı seminarların təşkili üzrə fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində Esmira Əlirzayeva müvafiq istiqamətlər üzrə bir sıra ölkələrin iştirakçı elmi qurumları ilə ikitərəfli və çoxtərəfli layihələrin hazırlanması və həyata keçirilməsi üzrə müzakirələr aparıb və müştərək fəaliyyət üzrə ilkin istiqamətlər müəyyənləşdirilib.

Qeyd edək ki, layihədə COST-a tam üzv olan 32 ölkədən, həmçinin Azərbaycan daxil olmaqla, 5 yaxın qonşu ölkədən 200-ə qədər alim iştirak edir.