Arxiv
Botanika İnstitutu Yakın Doğu Universiteti ilə əməkdaşlıq edəcək
23.09.2022

Yakın Doğu Universitetinin professoru, Dr. Salih Yücel Botanika İnstitutunun qonağı olub. İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva ilə keçən görüşdə qonağa institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr, qırmızı siyahı üzrə bitkilərin IUCN qiymətləndirilməsi haqqında ətraflı məlumat verilib. Qonaq İnstitutun əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək gələcəkdə biomüxtəlifliyin öyrənilməsi üzrə müştərək layihələrin təşkili, birgə tədqiqatların aparılması, kadr və təcrübə mübadiləsi üzrə geniş imkanların olduğunu vurğulayıb. Tərəflər elmi əlaqələri genişləndirmək üçün əməkdaşlıq memorandumunun imzalanması məsələsini müzakirə ediblər.

İnstitut əməkdaşlarının iştirakı ilə təşkil olunmuş seminarda apardığı tədqiqat işlərinin nəticələrinə dair “Delphinium caseyi B. L. Burtt. nümunəsində bitki mühafizəsi üzrə mübahisəli məsələlər” və “Qərbi Anatoliyanın (Türkiyə) subalp bitkiliyinin endemi Minuartia nifensis Mc Neill bitkisinin reproduktiv biologiyası” mövzularında məruzə edib. Təqdim edilən mövzular və Qırmızı kitabda bitkilərin qiymətləndirilməsi yolları ətrafında geniş müzakirələr aparılıb.