Məlum olduğu kimi, 22-23 sentyabr 2022-ci il tarixlərində AMEA-nın təşkilatçılığı ilə “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilir.
Sentyabrın 22-də AMEA-nın Əsas binasında tədbirin rəsmi açılış mərasimi baş tutub. Daha sonra konfrans işini plenar iclaslarla davam etdirib.
Plenar iclaslarda akademik Fəxrəddin Qədirov “Qarabağın geoloji öyrənilməsi: qısa tarix və tədqiqatların inkişaf strategiyası”, AMEA-nın müxbir üzvü Çingiz Əliyev “Qarabağın azad edilmiş ərazilərində radioekoloji tədqiqatlar”, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Qarabağ bölgəsi üçün yeni buğda sortlarının yaradılması və ərzaq təhlükəsizliyinin təminatı”, professor Ulduz Həşimova “Şuşa və ətraf ərazilərdə uzunömürlülük problemi”, professor Səyyarə İbadullayeva və b.ü.f.d. Elman Yusifov “Şərqi Zəngəzurun şimal hissəsinin bitkiliyi” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin a.e.ü.f.d. Ələddin Eyvazovun “İşğaldan azad edilmiş ərazilərin fauna müxtəlifliyinin monitorinqi”, f.-r.ü.f.d. Cavid Abdullayevin “İşğaldan azad edilmiş ərazilər üçün “yaşıl” enerji konsepsiyası və biomüxtəlifliyin qorunması: nəzəri və praktik aspektlər” və Rafiq Verdiyevin “İşğaldan azad edilmiş ərazilərin su ehtiyatı” adlı təqdimatları dinlənilib.
Məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Beynəlxalq konfrans bu gün işini “Zoom” plaforması üzərindən onlayn formada paralel seksiya iclasları üzrə davam etdirilib.
Paralel seksiya iclasları “Qarabağın ekosistemləri, flora, fauna, mikobiota müxtəlifliyi, dərman əhəmiyyətli bioresursları, onların bərpa, mühafizə və səmərəli istifadə məsələləri”, “Qorunan ərazilər, qırmızı siyahılar, introduksiya və reintroduksiya məsələləri”, “Genetik ehtiyatlar, akvamüxtəliflik və akvakulturanın inkişaf perspektivləri. Ərzaq təhlükəsizliyi məsələləri”, “İşğaldan azad edilmiş ərazilərdə su və torpaq ehtiyatlarının bərpası, səmərəli istifadəsi, kənd təsərrüfatı tədqiqatları” və “Biotəhlükəsizlik, herontoloji tədqiqatlar, ekoturizm, yaşıl iqtisadiyyat” istiqamətlərini əhatə edib.
Məruzə və çıxışlarda Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş Qarabağ ərazisinin ən müxtəlif problemlərinin araşdırılması ilə bağlı aparılmış elmi tədqiqatlardan, ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi üçün həyata keçirilmiş monitorinqlərdən, eləcə də bu bölgənin biomüxtəlifliyinin bərpası istiqamətində görüləcək işlərdən bəhs edilib.
Qeyd edək ki, beynəlxalq konfrans iştirakçılarının sentyabrın 23-də Şuşa şəhərinə səfəri nəzərdə tutulub.