Arxiv
Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclası keçirilib
04.10.2022

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.

Öncə Elmi şuranın sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova şura üzvlərini iclasın gündəliyində duran məsələlərlə tanış edib.

Gündəlikdə müzakirəyə təqdim edilən ilk məsələ Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrlə bağlı olub. Akademik İradə Hüseynova qeyd edib ki, 2023-cü ildə Azərbaycan dövlətçiliyi tarixinin ən böyük simalarından biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi ulu öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Sərəncamda deyildiyi kimi: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur”.

Azərbaycan Milli Elmlər Akademiyasında da “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı hazırlanaraq həyata keçirilməlidir. Akademik İradə Hüseynova institutlardan və BTEB-in Elmi şurası üzvlərindən bu mühüm hadisə ilə bağlı təkliflərin gözlənildiyinə diqqət çəkib və növbəti iclasda həmin təkliflərin müzakirə ediləcəyini deyib. İclasın sədri bildirib ki, gələn il görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da anadan olmasının 100 ili tamam olur. Akademik İradə Hüseynova Bölmənin üzvü olmuş bu böyük alimlə bağlı tədbirlərin planlaşdırılmasının vacibliyini diqqətə çatdırıb və bu tədbirlərin də müəyyən mənada “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcəyini deyib. Sonra şura üzvləri çıxış edərək hər iki şəxsiyyətin Azərbaycan xalqının və dövlətinin tarixində oynadıqları böyük roldan danışıblar.

Sonra Elmi şuranın sədri “Şuşa İli”nə həsr olunmuş “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın yekunları haqqında məlumat verib. Dünyanın 11 ölkəsindən 257 tezisin daxil olduğu bu möhtəşəm tədbirin böyük uğurla keçirildiyinə və geniş rezonans doğurduğuna diqqət çəkən akademik İradə Hüseynova konfransda onlarla elm və təhsil müəssisəsindən olan 500-ə yaxın alimin iştirak etdiyini və əlamətdar hal kimi bağlanış mərasiminin Şuşa şəhərində baş tutduğunu bildirib.

Sonra akademik İradə Hüseynova 2022-ci ildə BTEB-in elmi və elmi-təşkilatı fəaliyyətinin yekunları haqqında hesabatlar barədə danışıb, müvafiq hesabatların hazırlanması ilə bağlı tapşırıqlarını verib.

Daha sonra akademik İradə Hüseynova Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, BTEB-in Elmi şurasının sədr müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun 70 illiyi haqqında məsələni müzakirəyə çıxarıb və qeyd edib ki, yubileylə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmışdır. Elmi şuranın sədri və üzvləri çıxış edərək yubliyarı təbrik edib, ona xoş arzularını bildiriblər.

Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsi üzrə 2022-ci ildə dissertanturaya və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri, 2023-ci il üzrə doktorantura və dissertanturaya qəbul planına institutların təklifləri, eləcə də gündəlikdə duran digər elmi təşkilati və kadr məsələləri müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.