Arxiv
AZƏRBAYCANIN “QIRMIZI KİTABI”NIN III NƏŞRİNİN HAZIRLANMASI ÜZRƏ GÖRÜLƏN İŞLƏR
10.10.2022

Respublikanın təbii bitki örtüyü antropogen təsirlərə məruz qalaraq, bir sıra qiymətli bitki fərdlərinin sayı azalır və ya tamamilə məhv olmağa məruz qalır. Bu isə tədricən ekosistemə öz mənfi təsirini göstərməkdədir. Bütün bunları nəzərə alaraq botaniklər Azərbaycanın Qırmızı siyahısının yenidən işlənilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün Azərbaycanın müxtəlif şəhər və rayonlarına (Naxçıvan MR-nın rayonları, Böyük Qafqaz botaniki-coğrafi rayonları, Kiçik Qafqazın şimali-şərqi,  Aran Qarabağ və qismən Zəngilan və Kəlbəcər əraziləri, Cənub bölgəsinə aid bütün ərazilər, o cümlədən hər bir Milli Park) ekspedisiyalar təşkil olunmuş və nadir bitkilərin müasir vəziyyəti öyrənilmişdir. Bu ekspedisiyalarda plan-proqram tədqiqatları ilə yanaşı nadir bitkilər barədə ayrıca hesabatlar hazırlanmış, demək olar ki, hər bir tənəzzöhdə 5-10 nadir bitkinin yerləri, sayları, bitki örtüyündə rolu, yaşayış mühiti, azalma səbəbləri, tendensiyası və qorunması üçün hansı tədbirlərdən istifadə edilməsi barədə məlumatlar toplanılmışdır.

İlk dəfə 1989-cu ildə Azərbaycanın “Qırmızı kitab”nın I nəşrində  nəzərdə tutulan 400-növdən yalnız 140-ı, 2013-cü ildə II nəşrdə isə 266 ali, 20 ibtidai, 14 göbələk növü daxil edilmişdir. Lakin bu hələ qorunmağa ehtiyacı olan növlərin hamısı deyil. Belə ki, alimlərin apardığı araşdırmaların nəticələri göstərir ki bu siyahı 2 dəfə artmışdır. Əvvəla ona görə ki, 30 il işğala məruz qalmış, unikal florası ilə məşhur olan Qarabağda yayılan nadir 121 Azərbaycan və Qafqaz endemikləri var ki, onların çox hissəsinin III nəşrə daxil edilməsi zərurəti yaranır. 121 Qarabağ növündən cəmi 58-i II nəşrdə qiymətləndirilmişdir.

Botanika İnstitutunun əməkdaşları, həm də digər müəssisələrdə çalışan botaniklər yeni siyahılar tərtib etmişdir. Lakin bu siyahılarda adları çəkilən bitkilərin hər biri IUCN Qırmızı siyahısı üzrə qiymətləndirilməli, onların xəritələri tərtib edilməlidir.

Ümumi siyahılara diqqət etdikdə görünür ki, dəqiqləşdirilmiş 50 növ və tam dəqiqləşdirilməmiş (İUCN qiymətləndirilmə üzrə) 100-dən çox növ vardır ki, nadirlik statusundadır.

Hələ 1989-cu ildən IUCN Şurası bu işə başlamışdı və məhv olmaq təhlükəsində olan bitkilərin siyahısının yaradılması, kateqoriyaların və meyarların asanlıqla təyin edilməsi  və qlobal yox olmanın yüksək riskində olan növlərin təsnif edilməsi üçün geniş sistem yaradılmışdır. Artıq 1994 –cü ildən təhlükə altında olan növlərin kateqoriya və meyarlarının dəqiqləşməsi üçün IUCN Qırmızı Sorğu Kitablarından istifadə edilir və demək olar ki, 30 il ərzində bu siyahıların kateqoriya və meyarları bir-neçə dəfə modifikasiya  olunmuşdur. Qırmızı Siyahının tərtibi zamanı kateqoriyaları və meyarları  göstərmək üçün yazışmaların ardıcıllığına riayət olunmalıdır və standart formatdan istifadə edilməsi məsləhət görülür.

Bu qiymətləndirmələrin beynəlxalq standartlara uyğun aparılması və eləcə də onların dözümlülük həddini artırmaq, in situ (yayıldığı ərazidə becərilmə) bərpasını təmin etmək üçün taksonların limit faktorlarının və say dinamikasının qanunauyğunluqları aşkar edilməlidir. Həmçinin bölgələrdə xüsusi təhlükə altında olan yüzlərlə bitki vardır ki, yalnız həmin ərazi üçün itmək təhlükəsindədir və bunun qarşısının alınması tədbirləri də həyata keçirilməlidir. Bunun üçün bölgələrin nadir bitkiləri ayrı-ayrılıqda öyrənilir, həm də nadirlik səviyyəsinə qaldırılan növlərin qorunması üçün tədbirlər görülür. Bütün ictimai formasiyalarda bu məsələ həmişə diqqət mərkəzində olmuş və vaxtaşırı müxtəlif əməli tədbirlər görülmüş və indi də görülməkdədir.

Bizim apardığımız son tədqiqatlar göstərir  ki,  hazırda  ali  bitkilərin  ən azı 10%-i nadir və məhv olmaq təhlükəsi altındadır. Burada qədim dövrlərdən qalmış reliktlər, Qafqaz və yalnız Azərbaycana məxsus endemik bitkilər çoxluq təşkil edir. Onların  böyük  bir qismi ərzaq, yem, dərman, texniki, ədviyyat, dekorativ və b. əhəmiyyətlidirlər, ona görə də təbiətdən kütləvi toplanaraq nadirləşirlər. Həmin növlərin genofondunu əks  etdirən növdaxili  sistematikası  işlənib  hazırlanmalı, in situ şəraitində limit faktorları, dözümlülük riskinin artmasının səbəbləri öyrənilməli və onlar ekoloji cəhətdən qiymətləndirilməlidir.

Nəticədə hər bir botanikin ayrı-ayrılıqda tərtib etdiyi nadir bitkilərin siyahısının ümumiləşdirilməsindən belə qənaətə gəlinir ki, Azərbaycanın “Qırmızı kitab”nın III nəşrinə Naxçıvan Muxtar Respublikası ilə məhdudlaşan və Naxçıvan MR “Qırmızı kitab”a daxil edilməyən 25, Gəncə-Qazax ərazisindən 33, Qarabağdan 121 endemik növdən yalnız ərazi florası ilə məhdudlaşan 60-dan çox növ, Böyük Qafqazdan 11 və s. daxil edilməsi məqsədəuyğundur. Bundan başqa Qafqaz üçün yeni təyin edilmiş növlər vardır ki, onların yeganə yayılma məkəzi Azərbaycan florasıdır (b.ü.f.d. V.N.Kərimov tərəfindən  Allium grande, Cerinthe alpinanemone caucasica,  b.e.d., prof. S.C.İbadullayeva tərəfindən Helasciadium nodiflorum, Thymus hymalis) onların da yeni siyahıda yer alması vacibdir.  Belə hesab edilir ki, Azərbaycanın “Qırmızı kitab”nın III nəşrinə 300-ə qədər növ daxil ediləcək, bununla bahəm 150-dən çox növ çəhrayı siyahıya salınmışdır.

             

          Botanika İnstitutunun baş direktoru,           

Biologiya elmləri doktoru, professor

Səyyarə Cəmşid qızı İbadullayeva