Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının redaksiya heyətinin təklifi ilə Botanika İnstitutunda görüş keçirilib. Tədbiri Botanika İnstitunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq, görüşdən məmnunluğunu bildirib.
Jurnalın baş redaktoru Arzu Soltan jurnalın yaranma tarixi, müasir fəaliyyəti və uğurları haqqında ətraflı məlumat verib. Bildirib ki, “Azərəbaycan məktəbi” jurnalı pedaqoji mətbuat tariximizdə ən uzunömürlü akademik jurnal hesab olunur. Təməli 1924-cü ildə qoyulan jurnal 1930-cu illərə qədər "Yeni məktəb", 1930-1941-ci illərdə "Müəllimə kömək" adlandırılıb, 1943-cü ildən başlayaraq isə "Azərbaycan məktəbi" adı ilə dərc olunur. O, qeyd edib ki, yaxın zamanda 100 illiyi qeyd ediləcək jurnal Azərbaycanda təhsil sisteminin inkişafında, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynayıb.
Baş redaktorun müavini Nəsrəddin Musayev jurnalın fəaliyyət tarixi haqqında danışıb. Natiq deyib ki, “Azərbaycan məktəbi” jurnalının Azərbaycanda təhsilin və pedaqoji elmlərin inkişafında, kadr hazırlığında, pedaqoji biliklərin təbliğində, klassik pedaqoqların əsərlərinin nəşrində misilsiz xidmətləri olmuşdur. Təhsil işçilərinin ən yaxın köməkçisi olan bu jurnalın indiyə qədər yalnız “Azərbaycan məktəbi” adı ilə 686 nömrəsi dərc olunub. Azərbaycan xalq pedaqogikası, etnopedaqogika, etnopsixologiya məsələləri, maarifçi ideyalar, məktəb tariximizlə bağlı araşdırmalar, xalqımızın mütərəqqi ziyalılarının, mütəfəkkirlərin təhsil və tərbiyə haqqındakı fikirləri ilk dəfə, demək olar ki, bu pedaqoji mətbuat orqanında dərc olunub. Qeyd edib ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər sırasında yer alır, eləcə də bir sıra beynəlxalq indekslərdə tanınır.
Sonda S. İbadullayeva müasir tələblərə uyğun hazırlanan “Azərbaycan məktəbi” jurnalının elmin təhsilə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Alim aktual məzmunlu elmi araşdırmalara və elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqinə aid məqalələrin bu jurnalda dərc olunmasının zəruriliyini diqqətə çatdırıb. Botanika İnstitutu ilə “Azərbaycan məktəbi” jurnalı arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə İnstitunun icracı direktoru, b.e.d., dosent Şakir Qasımov, b.e.d. dosent Aydın Əsgərov, b.ü.f.d., dosent Rəşad Səlimov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Zeynalova və başqalarının iştirakı ilə birgə əməkdaşlıq imkanları, elmi məqalələrin nəşri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.