Arxiv
Beynəlxalq Dendrolodiya Fondunun nümayəndələri Botanika İnstitutunda olublar
25.10.2022

Beynəlxalq Dendrologiya Fondunun nümayəndələri PhD Debreczy Zsolt və PhD Istvan Racz AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda qonaq olublar. Görüşdə Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva, icracı direktoru, b.e.d. Şakir Qasımov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnarə Orucovanın iştirak ediblər. Qonaqlara institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr, Azərbaycanın III Qırmızı kitabının hazırlanması, həmçinin Azərbaycan florasının taksonomik tərkibi və faydalı dərman, efiryağlı, texniki, yem bitkilərinin istifadəsi barədə geniş məlumat verilib.

Qonaqlar “Beynəlxalq Dendrologiya Fondu” haqqında ətraflı məlumat verərək qeyd ediblər ki, 1995-ci ildə yaradılan fond 2000-ci ildən qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Fondun əsas məqsədi təbiətşünaslıq təhsilinin, peşəkar və tətbiqi botanika təhsilinin yayılmasını önə çəkməkdir. Əsas fəaliyyət istiqamətlərindən biri Dünya Ağaclar Atlasının (Dendroloji Atlas) hazırlanmasıdır. 

Tərəflər elmi əməkdaşlıq əlaqələrinin qurulması, Azərbaycanda biomüxtəlifliyi öyrənilməsi üzrə birgə tədqiqatların aparılması və müştərək layihələrin təşkilinə dair bir sıra məsələləri müzakirə ediblər.

Botanika İnstitutu tərəfindən Azərbaycanın florası ilə tanışlıq məqsədilə qonaqların Hirkan Milli Parkına səyahəti təşkil olunub.