Arxiv
“Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı Botanika üzrə işçi qrupun iclası keçirilib
27.10.2022

Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinin hazırlanması üzrə botaniklərdən ibarət işçi qrupunun AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın sədrliyi ilə növbəti iclası keçirilib.

Akademik İradə Hüseynova Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinin yekunlaşdırılması və yazılması ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyinə diqqət çəkib, III nəşrinin AMEA üzrə Redaksiya heyəti və işçi qruplarının bir neçə gün əvvəl baş tutmuş iclasında qoyulan məsələləri xatırladıb, həmçinin Zoologiya işçi qrupunun toplantısında əldə edilmiş razılaşmalar haqqında məlumat verib. Natiq bu razılaşmaların botaniklərin də müzakirə etməli olduqlarına diqqət çəkib.

Akademik İradə Hüseynova III nəşrin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına dəyərli töhfə olacağını bir daha iştirakçıların diqqətinə çatdırıb.

Sonra Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva çıxış edərək görülən və planlaşdırılan işlər barədə məlumat verib, “Qırmızı kitab”ın III nəşri üzrə bəzi məsələlərin son günlər regionlarda çalışan alimlərlə birgə geniş müzakirə edildiyini bildirib.

Daha sonra institutun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Şakir Qasımov, şöbə müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov, laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimov, aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Elman Yusifov və başqaları çıxış edərək müzakirəyə çıxarılan hər bir məsələyə öz münasibətlərini bildirərək təkliflər veriblər. Həm növlər üzrə oçerklərin, həm yayılma xəritələrinin, həm də istinadların formatları, eləcə də qiymətləndirmə meyarları barədə ümumi razılıq əldə edilib.

Tədbirə yekun vuran akademik İradə Hüseynova “Qırmızı kitab”la bağlı işlərin tezliklə yekunlaşdırılması üçün işçi qruplarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri ilə birgə müzakirəsinin keçiriləcəyini diqqətə çatdırıb, bu istiqamətində tövsiyə və tapşırıqlarını verib.

science.gov.az