Arxiv
“Qırmızı kitab”ın III nəşrinin hazırlanması ilə bağlı növbəti toplantı keçirilib
02.11.2022

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması üzrə işçi qruplarının növbəti toplantısı keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, b.ü.f.d. Vüqar Kərimov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN) Botanika İnstitutunun baş direktoru, b.e.d., prof. Səyyarə İbadullayeva və şöbə müdiri, b.e.d. Aydın Əsgərov, ETN-in Zoologiya İnstitutunun direktoru v.i.e., a.e.ü.f.d. Ələddin Eyvazov və icraçı direktoru, b.e.d., dos. Elşad Əhmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev, Geodeziya və Kartoqrafiya Agentliyinin direktoru Nazim İsmayılov və agentliyin aparıcı mütəxəssisi Cəmilə Ağayeva iştirak ediblər.

Toplantını giriş sözü ilə açan akademik İradə Hüseynova son günlərdə Botanika və Zoologiya işçi qruplarının ayrı-ayrılıqda və birgə keçirilmiş toplantıları və müzakirəyə çıxarılmış məsələlərlə bağlı qəbul edilmiş ortaq qərarlar haqqında məlumat verib.

Sonra nazir müavini Vüqar Kərimov oçerklərin dili, oçerk və areal xəritələrinin formatları kimi razılaşdırılmalı məsələlərin qaldığını qeyd edib və onlarla bağlı öz möveyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

İclasda bütün mübahisəli məsələlər üzrə ümumi fikir formalaşdırılıb, III nəşrin elmi tərəfi ilə bağlı tamamlama işlərinin vaxt qrafikinə uyğun həyata keçirilməsinin vacibliyi təsdiqlənib.

Müzakirələrə yekun vuran akademik İradə Hüseynova “Qırmızı kitab”la bağlı yekun işlərin optimallaşdırılması istiqamətində işçi qruplarına tövsiyə və tapşırıqlarını verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.