Arxiv
Botanika İnstitutunda elmi seminar keçirilib
10.11.2022

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Seminar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə elmi seminar keçirilib. Seminarda Mikologiya şöbəsinin kiçik elmi işçisi, fəlsəfə doktoru hazırlığı proqramı üzrə 1-ci kurs doktorant Yaqut Yusifova çıxış edib. O, COMSTECH Konsorsiumunun Mükəmməllik Təqaüdü çərçivəsində  Pakistanın Karaçi Universitetində "Ksilotrof dərman əhəmiyyətli göbələklərin tədqiqi" adlı mövzu üzrə apardığı 8 aylıq tədqiqatlara dair ətraflı məlumat verib. Y. Yusifova bildirib ki, ezamiyyətdə olduğu müddətdə Dr. Prof. Atia tul-Vahabın rəhbərliyi altında Biotransformasiya laboratoriyasında çalışmış və tədqiqat müddətində nazik təbəqəli xromatoqrafiya (TLC), yüksək performanslı maye xromatoqrafiya (HPLC), NMR və Mass xromatoqrafiya metodlarına yiyələnmiş,  göbələk mənşəli bioloji aktiv maddələri və onların antifungal, antimikrob təsirini araşdırmışdır.

Seminarda ksilotrof göbələklərin əhəmiyyəti, hal-hazırda bu istiqamətdə aparılan tədqiqatlar ətrafında geniş müzakirələr aparılıb, gənc tədqiqatçıya elmi fəaliyyəti üçün yeni təklif və məsləhətlər verilib.