AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının illik hesabatları dinlənilib. Məruzələr elmi bölməyə aid 8 institutun GAMŞ sədrləri tərəfindən təqdim edilib.
Tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Hesabatı giriş sözü ilə açan AMEA GAMŞ-ın sədri, k.ü.f.d. Elmir Babayev əvvəlcə qarşıdan gələn Zəfər Günü münasibətilə gəncləri təbrik edib, keçdiyimiz zəfər yolundan, qəhrəman şəhid və qazilərimizdən bəhs edib. E.Babayev GAMŞ BTEB-in institutlarının elmi və ictimai fəaliyyətdə daima fəal olduqlarını vurğulayıb, onlara uğurlar arzulayıb.
Hesabat iclası Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun GAMŞ sədri, həmçinin GAMŞ Biologiya və Tibb Elmləri Bölməsinin katibi Nərgiz Bayramovanın məruzəsi ilə başlayıb. Məruzəçi institutun gənc alimlərinin cari ildə iştirak etdikləri beynəlxalq və yerli konfrans və tədbirlər, həmçinin qrant layihələri barədə məlumat verib, il ərzində çap olunmuş elmi əsərlərin sayını açıqlayıb. N.Bayramova xüsusi olaraq bu ilin önəmli nailiyyətlərindən birinin 2022-ci il Gənclər üçün Prezident mükafatına elm üzrə Molekulyar Biologiya və Biotexnologiyar İnstitutunun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Lalə Axundovanın layiq görüldüyünü vurğulayıb.
Botanika İnstitutunu təmsil edən GAMŞ sədri Aydan Zeynalova institutun gənc alim və tədqiqatçılarının həm elmi, həm də ictimai fəaliyyətini diqqətə çatdırıb. Nəşr edilmiş məqalə və tezislər, eləcə də yerli və beynəlxalq konfranslarda gənclərin fəal iştirakları haqqında məlumat verib. A.Zeynalova, həmçinin elmi fəaliyyətin genişləndirilməsi istiqamətində institutda görülən işlərdən bəhs edib.
Zoologiya İnstitutunun GAMŞ sədri Leyla Nadirli tədbirlər planı üzrə institutlarında keçirilmiş tədbirlərdən, KİV-də çıxışlardan, ezamiyyə və nəşrlərdən bəhs edərək gənclərin fəal iştirakını xüsusi vurğulayıb.
Fiziologiya İnstitutunun GAMŞ sədri Nərmin Bağırova məruzəsində cari ildə şuranın təşkil etdiyi tədbirlərdən bəhs edib. N.Bağırova Gənclər və İdman Nazirliyi, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən Gənc alimlərin yay düşərgəsində fəal iştirak edən gənclər barədə də məlumat verib.
Mikrobiologiya İnstitutu üzrə illik hesabatı tədqim edən sədr Aytən Əliyeva GAMŞ-ın qarşısına qoyulmuş vəzifələrdən, icra edilmiş kompleks tədbirlərdən söz açaraq, institutun hazırda KTN-nin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə bir sıra sahələrdə praktiki layihələr həyata keçirdiyini qeyd edib.
Dendrologiya İnstitutunun GAMŞ sədri Leyla Atayeva tərəfindən təqdim olunmuş hesabat zamanı institutun gənclərinin cari ildə 16 beynəlxalq, 11 yerli olmaqla 22 tam dərc edilmiş, 5 çapta olan məqalə, 13 beynəlxalq, 12 yerli olmaqla 14 tam dərc edilmiş, 11 çapta olan tezislərinin olduğu qeyd edilib. Sədr, həmçinin gənclərin 2022-ci ildə 26 sertifikata layiq görüldüklərini, 4 dissertasiya işinin ilkin müzakirəsi, 1 dissertasiya işinin müdafiəsi, həmçinin şura tərəfindən təşkil edilmiş 2 xeyriyyə işinin olduğunu vurğulayıb.
Genetik Ehtiyatlar İnstitutunun GAMŞ sədri Günel Musayeva öz məruzəsində institutun Molekulyar genetika və genomika laboratoriyasının elmi işçisi Səbinə Fərhadovanın “Siçanın embrion kök hüceyrə modelləri üzərində insanın imprintinq xəstəliklərinə səbəb olan epigenetik mexanizmlərin tədqiqi” mövzusunda dissertasiya müdafiəsinin 2022-ci il 9 iyun tarixində Monpelye Universitetində uğurla həyata keçirildiyini qeyd edib, bu nailiyyətin təkcə institut deyil, bütün bölmə üçün böyük uğur olduğunu vurğulayıb.
Torpaşünaslıq və Aqrokimya İnstitutunu təmsil edən GAMŞ sədri Tərlan Yelmarlı institutlarında gənc alim və mütəxəssislərin təşəbbüsü və təşkilatçılığı ilə respublika üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrlə və anım günləri ilə əlaqəli təşkil edilmiş elmi-praktiki konfranslar və tədbirlərdən söz açıb.
Məruzələrin sonunda bölmənin hesabatı yüksək qiymətləndirilib, şuranın gələcək fəaliyyəti, gənclərin elmi və ictimai sferada aktiv olmalarını optimallaşdırmaq və daha da irəlilətmək üçün fikir mübadiləsi aparılıb.