AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açıb. S.İbadullayeva bildirib ki, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edilmişdir. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Azərbaycanda yaranmış vəziyyət və xalqın tələbi səbəbindən o zamankı dövlət başçıları Heydər Əliyevi rəsmən Bakıya dəvət etmək məcburiyyətində qalmışlar. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaratmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlamışdır.
Baş direktor diqqətə çatdırıb ki, Heydər Əliyevin hakimiyyət illəri Azərbaycan Elmlər
Akademiyası, o cümlədən, Botanika İnstitutu tarixinə bir sıra əhəmiyyətli səhifələrin əlavə olunması ilə əlamətdardır. Hələ 1969-cu ildən sonrakı dövrdə SSRİ dövlətinin yüksək rəhbərlərindən biri kimi fəaliyyət göstərən Heydər Əliyev Respublikamızda elmi potensialın intensiv inkişaf etdirilməsinə və yeni yüksək ixtisaslı elmi kadrların yetişdirilməsinə xüsusi diqqətlə yanaşmışdır. O, 1970-1980-cı illərdə botanikanın ayrı-ayrı sahələri, xüsusən, yeni sahələri üzrə respublikamızda bazanın yaradılması üçün dünyanın qabaqcıl elm müəssisələrinə gənc mütəxəssislər göndərmişdir. Elmə böyük sayqı ilə yanaşan dahi şəxsiyyət hər zaman alimlərin qeydinə qalmış, Azərbaycan Elmlər Akademiyasını milliləşdirmişdir.
Professor onu da qeyd edib ki, bu gün Heydər Əliyev kursunun davamçısı Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətə çevirmişdir. Azərbaycan 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatları ilə ərazilərimizi işğaldan təmizləyərək, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycana qələbə qazandırmış, ordumuzun apardığı əməliyyatları isə müasir hərb tarixinə yeni səhifələr kimi əlavə etmişdir.
Sonda S.İbadullayeva vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabr tarixli sərəncamına görə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Biz 2023-cü ili öz nailiyyətlərimizlə qarşılamalı və dahi rəhbərin ruhunu sevindirəcək işlər görməliyik.
Tədbirdə digər çıxış edənlər b.e.d. professor Eldar Novruzov, b.e.d. Şakir Qasımov, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d. Aygün Məmmədova, b.ü.f.d. Pərvanə Qaraxani çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri barədə fikirlərini bildirmişlər.
Tədbir çərçivəsində İnstitutun bir qrup gənc əməkdaşı Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.