Azərbaycanın tanınmış bioinformatik alimi, “Tərəqqi” medallı, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru İlham Əyyub oğlu Şahmuradovun 65 yaşı tamam olub.
İlham Şahmuradov 1 yanvar 1958-ci ildə Qubadlı rayonunda anadan olub. O, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini, 1985-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunun məqsədli aspiranturasını bitirib.
Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyev məktəbinin layiqli nümayəndələrindən olan İlham Şahmuradov 1987-ci ildə “Genetika” ixtisası üzrə namizədlik və 2005-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
AMEA-nın müxbir üzvü İlham Şahmuradov elmi fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində böyük laborant kimi başlayıb (1979-1981), daha sonra SSRİ EA Sibir Bölməsinin Sitologiya və Genetika İnstitutunda təcrübə keçib (1981-1982).
Alim Azərbaycan SSR EA-nın Botanika İnstitutunda kiçik elmi işçi (1987-1988), elmi işçi (1988-1989), böyük elmi işçi (1989-1992), Riyazi modelləşdirmə qrupunun rəhbəri (1989-2000), aparıcı elmi işçi (1992-2002), Bioinformatika laboratoriyasının müdiri (2002-2016), Azərbaycan Tibb Universitetinin professoru (2012-2016) vəzifələrində çalışıb, 1 iyul 2016-ci ildən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bioinformatika laboratoriyasının müdiridir, 2018-ci ildən Biofizika İnstitutunda İnteqrativ biologiya laboratoriyasına da rəhbərlik edir.
Alim Sanger Mərkəzində (Birləşmiş Krallıq, 1999), Heliks Tədqiqat İnstitutunda (Yaponiya, 2000-2001), London Universitetinin Royal Hollovey Kollecində (Birləşmiş Krallıq, 2001-2004), COMSATS İnformasiya Texnologiyası İnstitutunda (Pakistan, 2007-2010), Səudiyyə Ərəbistanının Kral Abdulla adına Elm və Texnologiya Universitetində (2015-2016) elmi tədqiqatlar aparıb.
İlham Şahmuradovun elmi fəaliyyəti kompüter analizi vasitəsilə insan/heyvan, bitki və bakteriya genomlarının təşkili, təkamülü və ekspressiyasının tənzimlənməsi mexanizmlərinin araşdırılması, yeni bioinformatik analiz vasitələrinin yaradılması ilə bağlıdır. Alimin rəhbərliyi və bilavasitə iştirakı ilə insan/heyvan, bitki və bakteriya genomlarında transkripsiyanın start saytlarının və tənzimləyici elementlərinin, ilkin mRNT-nin poliadenilləşmə saytlarının axtarışı üzrə yüksək dəqiqliyi (86-95%) ilə fərqlənən bir sıra bioinformatik analiz vasitələri - PromH, PromHP, TSSP-TCM, BTSSfinder, TSSPlant, TSShm, POLYAR, Pparf, nsite, nsiteM və nsiteH kompüter proqramları, bitkilərin RNT polimeraza II promotorları üzrə PlantProm məlumat bazası yaradılıb.
İlham Şahmuradov 70-dən çox elmi məqalənin (“Nucleic Acids Research” (İF-11,5), “Bioinformatics” (5,5), “Plant Molecular Biology” (3,5), “BMC Genomics” (3,7) və digər nüfuzlu elmi jurnallarda olmaqla) müəllifidir. O, bir sıra beynəlxalq və yerli qrant layihələrinin (Pakistan, 2007-2009; Pakistan - Azərbaycan - Birləşmiş Krallıq, 2008-2010; Ukrayna Elm və Texnologiyalar Mərkəzi, 2018-2020; AR Prezidenti yanında Elmin İnkişafı Fondu, 2011-2012) rəhbəri, Bioinformatika üzrə beynəlxalq konfransın (2008, Bakı ş.) təşkilatçısı, bir sıra beynəlxalq elmi konfrans və simpoziumların təşkilat komitəsinin üzvü olub.
Alim uzun illərdir ki, Bakı Dövlət Universitetində, AMEA-nın magistraturasında pedaqoji fəaliyyətlə də məşğuldur.
İlham Şahmuradov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya müdafiəsi şurasının üzvü, AMEA-nın “Həyat Elmləri və Biotibb” jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin baş katibi, Avropa Biotexnologiya üzrə Tematik Şəbəkə Assosiasiyasının Azərbaycan üzrə koordinatorudur.
İlham Şahmuradov 2015-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycanda bioinformatika sahəsində mühüm nailiyyətləri olan alimi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.