Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Ulu Öndər təbiətin, yaşıllığın qədrini bilən, həmişə onun mühafizəsinin qeydinə qalan nadir şəxsiyyətlərdəndir. Azərbaycan Respublikasının “Qırmızı kitab”ının II cildi məhz Ulu Öndər Heydər Əliyevin Sərəncamı əsasında işıq üzü görmüşdür. Hazırda yekun mərhələsində olan III cild “Heydər Əliyev İli”nə mühüm töhfə olacaqdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 noyabr 2022-ci tarixli Sərəncamının icrası ilə əlaqədar ölkəmizin botanik alimləri də “Qırmızı kitab”ın III nəşrinə əhəmiyyətli töhfə verəcəklər.
Azərbaycanın təbii bitki örtüyü antropogen təsirlərə məruz qalaraq, bir sıra qiymətli bitki fərdlərinin sayı azalır və ya tamamilə məhv olmağa məruz qalır. Bu isə tədricən ekosistemə öz mənfi təsirini göstərməkdədir. Bütün bunları nəzərə alaraq Azərbaycanın Qırmızı siyahısının yenidən işlənilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün Azərbaycanın müxtəlif şəhər və rayonlarına (Naxçıvan MR-in rayonları, Böyük Qafqaz botaniki-coğrafi rayonları, Kiçik Qafqazın şimal-şərq və Qarabağ iqtisadi rayonu, o cümlədən Şuşa, Fizulu, Ağdam, Zəngilan və Kəlbəcər əraziləri, Cənub bölgəsinə aid bütün ərazilər, o cümlədən hər bir Milli Park) ekspedisiyalar təşkil olunmuş və nadir bitkilərin müasir vəziyyəti öyrənilmişdir. Bu ekspedisiyalarda plan-proqram tədqiqatları ilə yanaşı, nadir bitkilər barədə də ayrıca hesabatlar hazırlanmış, demək olar ki, hər bir ekspedisiyada 5-10 nadir bitkinin yerləri, sayları, bitki örtüyündə rolu, yaşayış mühiti, azalma səbəbləri, tendensiyası və qorunması üçün hansı tədbirlərdən istifadə edilməsi barədə məlumatlar toplanılmışdır.
İlk dəfə 1989-cu ildə Azərbaycanın “Qırmızı kitab”ının I nəşrində nəzərdə tutulan 400 növdən yalnız 140-ı, 2013-cü ildə II nəşrdə isə 266 ali, 20 ibtidai, 14 göbələk növü daxil edilmişdir. Lakin bu hələ qorunmağa ehtiyacı olan növlərin hamısı deyil. Belə ki, alimlərin apardığı araşdırmaların nəticələri göstərir ki, bu siyahı 2 dəfə artmışdır. Əvvəla ona görə ki, 30 il işğala məruz qalmış, unikal florası ilə məşhur olan Qarabağda yayılmış nadir 121 Azərbaycan və Qafqaz endemikləri var ki, onların çox hissəsinin III nəşrə daxil edilməsi zərurəti yaranır. 121 Qarabağ növündən cəmi 58-i II nəşrdə qiymətləndirilmişdir.
Əsasən Botanika İnstitutunun əməkdaşları, həm də digər müəssisələrdə (Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universitetinin Botanika kafedraları, Azərbaycan Dövlət Aqrar Universitetinin Biologiya, Ekologiya kafedraları, Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və s.) çalışan botaniklər yeni siyahılar tərtib etmiş, itmək təhlükəsində olan növlər tövsiyə edilmişdir. Adları siyahıya daxil edilən hər bir növün IUCN Qırmızı siyahısı üzrə qiymətləndirilməsi və xəritələrinin tərtib edilməsi Botanika İnstitutunun alimləri tərəfindən həyata keçirilmişdir.
Ümumi siyahılara diqqət etdikdə görünür ki, indiyədək Azərbaycanın Qırmızı siyahısına daxil edilməyən 200-dən çox növ yeni kitabda nadirlik statusundadır.
Hələ 1989-cu ildən IUCN Şurası bu işə başlamışdı və məhv olmaq təhlükəsində olan bitkilərin siyahısının yaradılması, kateqoriyaların və meyarların asanlıqla təyin edilməsi və qlobal yox olmanın yüksək riskində olan növlərin təsnif edilməsi üçün geniş sistem yaradılmışdır. Artıq 1994-cü ildən təhlükə altında olan növlərin kateqoriya və meyarlarının dəqiqləşməsi üçün IUCN Qırmızı Sorğu Kitablarından istifadə edilir və demək olar ki, 30 il ərzində bu siyahıların kataqoriya və meyarları bir neçə dəfə modifikasiya olunmuşdur. Qırmızı Siyahının tərtibi zamanı kateqoriyaları və meyarları göstərmək üçün yazışmaların ardıcıllığına riayət olunmuş və standart formatdan istifadə edilmişdir.
Bu qiymətləndirmələrin beynəlxalq standartlara uyğun aparılması və eləcə də onların dözümlülük həddini artırmaq, in situ (yayıldığı ərazidə becərilmə) bərpasını təmin etmək üçün taksonların limit faktorlarının və say dinamikasının qanunauyğunluqları aşkar edilməsi üçün tədqiqatlar daim aparılmalı və gələcək 1 illik məlumat blankları hazırlanmalıdır. Həmçinin bölgələrdə xüsusi təhlükə altında olan onlarla bitki vardır ki, yalnız həmin ərazi üçün itmək təhlükəsindədir və bunun qarşısının alınması tədbirləri də həyata keçirilməlidir. Bunun üçün bölgələrin nadir bitkiləri ayrı-ayrılıqda öyrənilir, ən azından nadirlik səviyyəsinə qaldırılan növlərin qorunması üçün tədbirlər görülür. Bütün ictimai formasiyalarda bu məsələ həmişə diqqət mərkəzində olmuş və vaxtaşırı müxtəlif əməli tədbirlər görülmüş və indi də görülməkdədir.
Apardığımız son tədqiqatlar göstərir ki, hazırda ali bitkilərin ən azı 10%-i nadir və məhv olmaq təhlükəsi altındadır. Burada qədim dövrlərdən qalmış reliktlər, Qafqaz və yalnız Azərbaycana məxsus endemik bitkilər çoxluq təşkil edir. Onların böyük bir qismi ərzaq, yem, dərman, texniki, ədviyyat, dekorativ və b. əhəmiyyətlidir, ona görə də təbiətdən kütləvi toplanaraq nadirləşirlər. Həmin növlərin genofondunu əks etdirən növdaxili sistematikası işlənib hazırlanmalı, in situ şəraitində limit faktorları, dözümlülük riskinin artmasının səbəbləri öyrənilməli və onlar ekoloji cəhətdən mütəmadi qiymətləndirilməlidir. Bunların qarşısının alınmasının yeganə yolu isə faydalı bitkilərin becərilməsi və məhsulun ixracıdır.
Qeyd etmək yerinə düşərdi ki, bütün bunlar yalnız botaniklər tərəfindən həyata keçirilmiş, onların elmi potensialı böyük rol oynamışdır. Nəticədə hər bir botanikin ayrı-ayrılıqda tərtib etdiyi nadir bitkilərin siyahısının ümumiləşdirilməsindən belə qənaətə gəlinir ki, Azərbaycanın “Qırmızı kitab”nın III nəşrinə Naxçıvan Muxtar Respublikası ilə məhdudlaşan və Naxçıvan MR-in “Qırmızı kitab”a daxil edilməyən 25, Gəncə-Qazax ərazisindən 33, Qarabağdan 121 endemik növdən yalnız ərazi florası ilə məhdudlaşan 60-dan çox növ, Böyük Qafqazdan 11 və s. daxil edilməsi məqsədəuyğundur. Bundan başqa, Qafqaz üçün yeni təyin edilmiş növlər vardır ki, onların yeganə yayılma mərkəzi Azərbaycan florasıdır (b.ü.f.d. V.N.Kərimov tərəfindən Allium grande, Cerinthe alpinanemone caucasica, b.e.d., prof. S.İbadullayeva tərəfindən Helasciadium nodiflorum, Thymus hymalis və s.) onların da yeni siyahıda yer alması vacib hesab edilmişdir. Belə hesab edilir ki, Azərbaycanın “Qırmızı kitab”ının III nəşrinə daxil edilmiş növlərlə bərabər, 150-dən çox növ çəhrayı siyahıya salınmışdır ki, onların da toplanılmasına məhdudiyyətlər qoyulmalıdır.
Beləliklə, Azərbaycan botanik və mikoloqları tərəfindən CR (Critically Endangered) – Kritik təhlükə həddində olanlar – 94 növ; EN (Endangered) –Nəsli kəsilmək təhlükəsində olanlar – 116 növ; VU (Vulnerable) – Nəsli kəsilməyə həssas olanlar - 146 növ; NT (Near Threatened) –Təhlükəli həddə yaxın olanlar – 70 növ; LC (Least Concern) – Daha az təhlükəyə məruz qalanlar – 8 növ; DD (Data Deficient) – Məlumat azlığı olanlar – 13 növ və NE (Not Evaluated) – Qiymətləndirilməmiş növlər – 2 növ olmaqla cəmi 449 növ Azərbaycanın “Qırmızı kitab”ının III yeni nəşrinə təqdim edilmişdir. Hazırda kitab çap mərhələsindədir.
Səyyarə İBADULLAYEVA, Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor