Fevralın 1-i dünyaşöhrətli alim, görkəmli ictimai xadim, Əməkdar elm xadimi, akademik Cəlal Əliyevin anım günüdür. Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına sanballı töhfələr verib. Alimin elmi fəaliyyətinin 65 ildən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunub.
AzərTac alimin anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1942-1944-cü illərdə Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq-coğrafiya fakültəsində oxuyub, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsində ali təhsil alıb, 1951-1954-cü illərdə bitki fiziologiyası ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) aspirantı olub.
Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun bitki fiziologiyası şöbəsində kiçik elmi işçi kimi başlayan Cəlal Əliyev burada böyük elmi işçi və laboratoriya müdiri, 1962-ci ildən ömrünün sonunadək şöbə müdiri vəzifələrini tutub. O, eyni zamanda, Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda 1971-ci ildən yaradıcı qrupun rəhbəri və laboratoriya müdiri işləyib, 1990-cı ildən məhsuldarlıq prosesinin molekulyar-genetik əsasları şöbəsinə rəhbərlik edib. Alim 1981-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi olub. Cəlal Əliyev bitki fiziologiyası ixtisası üzrə 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.
Alimin tədqiqatları yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət edib. Öz məktəbini formalaşdırmış alimin yaradıcılığının mühüm qismi taxılçılığın inkişafına yönəlmişdi. Bu tədqiqatların nəticələrinin məqsədyönlü seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi ilə Cəlal Əliyev yüksək məhsuldarlığa malik qiymətli sortlar yaratmışdı. Onun rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanıb. Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini daim diqqət mərkəzində saxlayan alimin Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri olub. Cəlal Əliyevin inkişaf etdirdiyi elmi istiqamətlərdən biri də torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Onun bu problemlə əlaqədar fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilib.
Cəlal Əliyevin uzaqgörən təşəbbüskarlığı nəticəsində Azərbaycan elmində ilk dəfə biologiyanın ən müasir istiqamətlərindən olan biokimya, biofizika, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi, riyazi və kompüter biologiyası, bioinformatika kimi elm sahələri inkişaf etdirilib, son dövrlərdə isə maşınöyrənmə üsullarının və süni intellektin biologiya problemlərinə tətbiqinə başlanılıb, bu elmlər üzrə yüksəkixtisaslı kadr potensialı formalaşdırılıb. Azərbaycan elminin dünya elmi ilə ayaqlaşması, yuxarıda qeyd edilən sahələr üzrə imkan və potensialın, maddi-texniki və kadr bazasının yaradılması ilə əlaqədar dünyanın aparıcı elm mərkəzləri və tanınmış alimləri ilə elmi əlaqələrin yaranması və genişlənməsi də bir çox hallarda akademik Cəlal Əliyevin adı ilə bağlı olub. Biologiya və aqrar elmləri, eləcə də onlarla əlaqəli müxtəlif elm sahələrində fəaliyyət göstərmiş və dünya elmində nüfuzlu mövqe qazanmış Cəlal Əliyev elmi məktəbinin yaradılması Azərbaycan elm tarixinin ən mühüm hadisələrindən hesab edilə bilər. Bu məktəbin bazasında Cəlal Əliyevin elmi yaradıcılığı, yüksək rəhbər keyfiyyətləri, kadr seçimi intuisiyası, gəncləri bacarıq və biliklərinə görə düzgün elmi istiqamətlərə yönəltmək ustalığı, onlara uzaqgörən alim məsləhətləri dururdu.
Akademik Cəlal Əliyevin biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya yönümlü müxtəlif ali təhsil müəssisələrindən şəxsi təşəbbüsü ilə xüsusi ustad himayəsi və uzaqgörənliklə seçərək rəhbərlik etdiyi laboratoriya və şöbələrə işə cəlb etməklə yetişdirdiyi 300-ə yaxın alim bu gün Azərbaycanda və dünyanın tanınmış elm və təhsil mərkəzlərində tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərir, akademik Cəlal Əliyevin elmi məktəbini və ümumən Azərbaycan elmini layiqincə təmsil edir. Onun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər doktoru, 81 elmlər namizədi yetişib.
Cəlal Əliyev əldə etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq mükafatlar alıb, xarici ölkələr tərəfindən təltif edilib. Onun Azərbaycanda elmin inkişafı sahəsində çoxillik zəngin və məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilib. Alim “İstiqlal”, “Şərəf” ordenlərinə və müxtəlif fəxri adlara layiq görülüb. Cəlal Əliyev 2016-cı il fevralın 1-də ömrünün 88-ci ilində vəfat edib.