Bu gün görkəmli elm xadimi, tanınmış ziyalı, bacarıqlı təşkilatçı, qayğıkeş pedaqoq, 1988-2008-ci illərdə Botanika İnstitutuna rəhbərlik etmiş akademik Vahid Hacıyevin anadan olmasının 95 illiyi qeyd edilir.
V.Hacıyev 1928-ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açmışdır. 1943-cü ildə Tərtərdə orta məktəbi bitirdikdən sonra Gəncədə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki Aqrar Universiteti) tarlaçılıq fakültəsinə daxil olmuşdur. Tələbəlik illərindən başlayaraq botanikaya, xüsusilə, geobotaniki tədqiqatlara maraq göstərən Vahid Hacıyev tələbə elmi cəmiyyətinin tədbirlərində də fəal iştirak etmişdir. İnstitutu bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi fəaliyyətə başlamış respublika otlaqlarının bir sıra elmi və praktiki problemləri, xüsusən, ayrı-ayrı bitki növlərinin və formasiyalarının əmələ gəlməsi, onların formalaşmasına dair geniş tədqiqat işləri ilə məşğul olmuşdur.
Elmi tədqiqatlarını daha dərindən davam etdirmək arzusu onu 1949-cu ildə Sankt-Peterburq şəhərindəki keçmiş SSRİ EA-nın V.L.Komarov adına Botanika İnstitutunun aspiranturasına gətirmişdir. Burada o, geobotanikanın nəzəri problemlərini hərtərəfli öyrənərək məşhur florist, professor Y.Bobrovun elmi rəhbərliyi altında Azərbaycanın flora və bitki örtüyünə dair eksperimental tədqiqatlar apararaq, 1952-ci ildə "Azərbaycanın quraqlığa davamlı paxlalı yem bitkiləri və onlardan qış otlaqlarında istifadə imkanları" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib vətənə qayıdır. Respublika ərazisində yüksək dağ çəmənlərinin geobotaniki tədqiqat işlərinin səthi və aşağı səviyyədə olduğunu görən V.Hacıyev geobotanikanın məhz bu sahəsini əsaslı surətdə araşdırmağa və inkişaf etdirməyə başlayır. Gərgin elmi axtarışlar bəhrəsini verir. 1966-cı ildə o, "Böyük Qafqazın yüksək dağ bitkiliyi, onun dinamikası və təsərrüfat əhəmiyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.
Vahid Hacıyevin elmi-təşkilati fəaliyyəti çoxpilləli olmuşdur. O, 1952-1957-ci illər ərzində Azərbaycan EA-nın Botanika İnstitutunda kiçik və daha sonra baş elmi işçi vəzifələrində çalışmışdır. Təşkilatçılıq bacarığını nəzərə alaraq, ona 1957-1958-ci illərdə Botanika bağının direktoru vəzifəsini icra etmək həvalə olunmuşdur. Çəmənçilik üzrə yeganə mütəxəssis və geniş diapazonlu tədqiqatçı kimi tanınan V.Hacıyev Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1972-1973-cü illərdə Botanika İnstitutunda əsasını qoyduğu Geobotanika şöbəsinin müdiri vəzifəsində qalmaq şərti ilə Yemçilik və Otlaqlar Elmi-Tədqiqat İnstitutuna direktor təyin edilir. 1958-1972 və 1978-1988-ci illərdə alim EA-nın Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. İşlədiyi müddətdə botanika elminin respublikada hərtərəfli inkişafına xüsusi diqqət yetirməsi akademik V.Hacıyevi bacarıqlı və yaxşı elmi təşkilatçı kimi tanıdır. Alimin bu xüsusiyyətləri EA-nın Rəyasət Heyətinin nəzərindən yayınmır və o, 1988-ci ildə institutun direktoru vəzifəsinə irəli çəkilir. Onun rəhbərlik etdiyi müddət ərzində elm ocağında aparılan müasir elmi-tədqiqat işləri yeni ixtisaslar üzrə laboratoriyaların açılmasına zərurət yaratmışdır.
Akademik yüksək dağ çəmənlərinin flora və bitki örtüyünə dair tədqiqatlara diqqət yetirmiş, təkcə Azərbaycanda deyil, eyni zamanda, keçmiş İttifaq səviyyəsində məşhur mütəxəssis kimi tanınmışdır. Alim öz elmi fəaliyyətinin əhatə dairəsini genişləndirərək Böyük və Kiçik Qafqazın və Talışın yüksək dağ çəmənlərini hərtərəfli öyrənmişdir. Tədqiqatlarında geobotanikanın klassik, həmçinin müasir, o cümlədən bitki örtüyünün aerokosmik və məsafə metodlarından istifadə etməklə öyrənilməsinə geniş yer verən görkəmli alimin bilavasitə elmi rəhbərliyi və iştirakı ilə Azərbaycanın qış və yay otlaqlarının ən yeni geobotaniki tədqiqi və pasportlaşdırılması aparılmışdir. Həmin tədqiqatların nəticələri əsasında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Yem sahələrinin geobotaniki tədqiqi metodikası" tərtib olunmuşdur.
Çöl geobotaniki tədqiqatların metodologiyasına dərindən yiyələnən V.Hacıyev daim onları təkmilləşdirmiş və geobotanikada yeni metodik üsulların hazırlanmasına səy göstərmişdir. Alimin uzun illərdən bəri apardığı hərtərəfli elmi müşahidələri və çöl tədqiqatları zamanı topladığı zəngin materiallar ardıcıl olaraq bir neçə sanballı monoqrafiyaların meydana çıxmasına əsas vermişdir. Bunların içərisində əsas müəlliflərindən olduğu, 2 hissədən ibarət "Azərbaycanın otlaq və biçənəklərinin yem bitkiləri" (I hissə, 1965; II hissə, 1969) kitabları tez bir zamanda yemçilik sahəsində çalışanların, geobotanika və flora ilə məşğul olan tədqiqatçıların, kənd təsərrüfatı mütəxəssislərinin stolüstü kitabına çevrilmişdir. Az sonra o, Azərbaycanda yüksək dağ bitkiliyinə həsr olunmuş "Böyük Qafqazın yüksək dağ bitkiliyi (Az.SSR daxilində) və onun təsərrüfat əhəmiyyəti" (1970), "Böyük Qafqazın yüksək dağ bitkiliyi formasiyalarının dinamikası və məhsuldarlığı" (1974) monoqrafiyalarını çap etdirmişdir. Həmin nəşrlərdə dağ yamaclarının bərpasında və heyvandarlığın inkişafında xüsusi əhəmiyyəti olan Böyük Qafqazın yüksək dağ bitkiliyinin tam floristik təhlili verilmiş, dominant və subdominant bitki formasiyalarının geobotaniki səciyyəsi, bitki örtüyünün dinamikası, ekzogen və endogen, xüsusilə, antropogen amillərin təsiri açıqlanmışdır. Bu dəyərli nəşrlər V.Hacıyevin Azərbaycan ərazisi daxilində olan yüksək dağ çəmənlərinin ən görkəmli tədqiqatçısı kimi tanınmasında və yeni tədqiqatçılar nəslinin yetişməsində müstəsna rol oynamışdır.
"Talışın yüksək dağ çəmənlərinin florası və bitkiliyi" (1979) əsərində alim Talışın endemik növlərinin Hirkan mənşəli bitkilər olmaqla genetik cəhətdən Mərkəzi Anadolu və İran növ əmələgəlmə mərkəzləri ilə sıx qohumluq əlaqələrinin olduğu fikrini irəli sürərək ilk dəfə Talışın yüksək dağ-çəmən bitki tiplərinin formalaşmasının əsas fitosenoloji parametrlərinin dinamikasını araşdırıb geobotanika və floristika sahəsində çox mühüm elmi və tətbiqi nəticələrin alınmasına əsas vermişdir.
Vahid Hacıyevin elmi tədqiqatları içərisində faydalı, nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi baxımından Moskvada 1985-ci ildə nəşr edilən "Zaqatala qoruğu" adlı əsəri də diqqəti cəlb edir. Əsərdə Zaqatala qoruğunun təşkilindən, onun flora və bitkiliyindən, yayılmış nadir bitkilərin qorunmasından ətraflı bəhs olunur və elmi tövsiyələr verilir.
1990-cı ildə çapdan çıxmış "Kiçik Qafqazın bitki örtüyü" adlı monoqrafiyasında müəllif Alp qurşağının petrofil bitki qruplaşmasını Qafqazın qədim kreofil bitkilərindən biri kimi səciyyələndirmiş, qayalı, daşlı və çınqıllı sahələrdə rast gəlinən bitkilərin isə Pleystosen və yuxarı Miosen dövründə avtoxron yolla əmələ gəldiklərini açıqlamışdır.
V.Hacıyevin elmi tədqiqatları bitkilərin təsnifatı sahəsini də əhatə etmişdir. Belə ki, müəlliflərindən biri olduğu 8 cildlik "Флора Азербайджана" əsərinin V-VIII cildləri üçün o, 5 fəsilə, 25 cinsə aid işlədiyi 84 növün elmi təsvirini vermişdir. Akademik həmçinin 1989-cu ildə kollektivin ümumi səyi nəticəsində tərtib olunaraq nəşr edilmiş Azərbaycan florasının nadir, relikt, endemik növlərindən olan 140 bitkini əhatə edən "Azərbaycanın Qırmızı kitabı" adlı əsərində həmin bitkilərin yayılması və qorunmasına dair kifayət qədər əməli təkliflər irəli sürmüşdür.
Azərbaycanda, həmçinin keçmiş sovetlər ittifaqında və digər xarici ölkələrdə nəşr edilmiş 350-ə qədər elmi işin, o cümlədən 7 monoqrafiyanın müəllifi olan V.Hacıyev flora, bitki örtüyü və bitki ehtiyatlarına həsr edilmiş 30-dan çox kitabın, o cümlədən dərslik və terminoloji lüğətlərin elmi redaktoru olmuşdur.
Görkəmli alim həmçinin geobotanikanın əksər sahələrinə - xəritələşdirməyə, yemçiliyin başlıca problemlərinə, fitomeliorasiyaya, bitki ehtiyatlarına və onun qorunmasına dair onlarca elmi məqalə və əsərin müəllifidir. 1979-cu və 1987-ci illərdə tərtib etdiyi "Azərbaycan bitki örtüyü" xəritələrində ilk dəfə olaraq yüksək dağ çəmənlərinin bitki örtüyü rayonlaşdırılmış və assosiasiya səviyyəsində təsnifatı verilmişdir. V.Hacıyevin rəhbərliyi və bilavasitə iştirakı ilə 1992-ci ildə yenidən hazırlanmış və sonrakı illərdə rus və ingilis dillərində nəşr edilmiş "Azərbaycanın bitki örtüyü" xəritəsi respublikanın bitki örtüyünün, bitkiliyinin və qismən florasının tam aynasıdır.
Elmi nailiyyətlərinə görə V.C.Hacıyev 1970-ci ildə professor, 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü və 1989-cu ildə isə EA-nın həqiqi üzvü seçilmişdir.
Akademik botanikanın təbliği ilə də fəal məşğul olmuş, xarici ölkə alimlərinin diqqətini Azərbaycanda aparılan tədqiqat işlərinə yönəldə bilmişdir. O, 1985-ci ildə AMEA-nın müxbir üzvü S.H.Musayevlə birlikdə İngiltərənin Sautqempton Universitetində təşkil edilmiş The international programe of Legume Database and information servise - ILDIS əlaqələndirmə mərkəzinin sifarişi ilə Azərbaycan və ayrılıqda Naxçıvan florasının paxlalılara dair sorğular əsasında geniş materiallar hazırlamışdır. Bu məlumatlar 1994-cü ilin mayında Şimali Avrasiya və həmin ilin sonunda isə Dünya paxlalıları bankına daxil edilmişdir.
Tanınmış fitosenoloq V.Hacıyevin Azərbaycanın beynəlxalq elm aləmində əlaqələrin möhkəmləndirilməsi istiqamətində də xidmətləri olmuşdur. 1986-cı ildə o, İsveçrə botanikləri və fitosenoloqlarının dəvətilə İsveçrəyə gedib orada yüksək dağlıq zonanın flora və bitki örtüyü ilə məşğul olan alimlərin işləri ilə tanış olmuş bir sıra şəhərlərin elmi-tədqiqat institutlarında və universitetlərində məruzələr etmişdir. 1990-1991-ci illərdə ABŞ, Yaponiya, Avstriya, Türkiyə və İtaliyada keçirilmiş beynəlxalq forumlarda Azərbaycanın flora və bitkiliyi, bitki ehtiyatları sahələrində aparılmış işlərə dair məruzələrlə çıxış etmişdir. 1993-cü ildən sonra akademikin xarici dövlətlərə elmi səfərləri xüsusilə intensiv olmuşdur. Müxtəlif vaxtlarda Avstraliya, İran İslam Respublikası, İsveçrə, Türkiyə, Braziliya, Yunanıstan, Polşa, Almaniya, ABŞ, Şimali Kipr, Gürcüstan, Orta Asiya, İsveç və başqa ölkələrdə keçirilmiş beynəlxalq səviyyəli müşavirələrdə bozqır bitkiliyinin təhlili, Azərbaycan florasının genbankının qorunması, Transqafqaz səhra bitkiliyinin təsnifat prinsipləri, Azərbaycanın yarımsəhralarında otlaq mozaikliyinin dinamikası, yüksək dağ otlaqlarının təbii bitkiliyinə zəlzələ faktorunun monitorinq tədqiqi, Azərbaycanın meşə genetik ehtiyatlarına dair məruzələri böyük əks-səda doğurmuş, Azərbaycanın flora və bitkiliyinə xarici mütəxəssislərin marağını artırmışdır. Bu baxımdan 2001-ci ildə avstraliyalı tədqiqatçı Devid Spenserin Eldar şamının təbii massivi olan Eldar oyuğunu tədqiq etmək üçün Bakıya gəlib, təbii şam massivinin genetik ehtiyatı və müxtəlifliyinin qorunub saxlanılması üçün iş aparmışdır.
Vahid Hacıyev görkəmli alim, tədqiqatçı, bacarıqlı təşkilatçı olmaqla bərabər, həm də qayğıkeş müəllim idi. Onun rəhbərliyi altında 3 doktorluq və 40-a qədər namizədlik dissertasiyası müdafiə edilmişdir.
Akademik Qafqaz florasının istedadlı mütəxəssisi, Azərbaycan təbiətinin fanatı idi. Vahid Hacıyev 350-dən çox elmi əsərin, monoqrafiyanın müəllifi olmaqla yanaşı, həm də klassik ədəbiyyatın vurğunu idi. Özü də şeirlər yazırdı. Alimin məhsuldar elmi yaradıcılığı, pedaqoji, elmi-təşkilati və ictimai fəaliyyəti, qazandığı nailiyyətlərə görə dövlət və beynəlxalq səviyyəli mükafatlarla, orden və medallarla təltif olunmuşdur. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Vahid müəllim deyirdi: "...Təbiətin bizə bəxş etdikləri çox böyük sərvətdir. Biz ölməz Heydər Əliyevin ənənələrini davam etdirməli, gözəllikləri yaşatmalıyıq. Çünki bu gözəlliklər bizimdir, sizindir və gələcək nəsillərindir. Gəlin, özünə qarşı etik və qayğılı münasibətdən başqa bizdən heç nə istəməyən ana təbiətin nəvazişinə nəvazişlə cavab verək, onu sevək və qoruyaq".
Təqdirəlayiq haldır ki, hazırda V.Hacıyev məktəbinin ardıcılları alimin tövsiyələrini həyata keçirməyə çalışır, Alp çəmənlərindən başlamış Bozqır yaylalarına qədər qarış-qarış gəzir, Azərbaycan florasını tədqiq edirlər.