AR ETN Botanika İnstutunda görkəmli botanik alim, “Şərəf nişanı” və “Şöhrət” ordenləri laureatı, akademik Vahid Hacıyevin 95 illyinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları II Fəxri xiyabana gələrək, görkəmli alimin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Tədbiri Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq, V.Hacıyevin həyat və fəaliyyətindən, ölkəmizdə botanika elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, alim əmək fəaliyyətinə 1952-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda baş elmi işçi kimi başlayıb, 1957-1972-ci illərdə Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, 1972-1973-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru olmuşdur. O, 1972-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda geobotanika şöbəsinin müdiri, 1978-1988-ci illərdə həmin institutun elmi işlər üzrə direktor müavini, 1988-2008-ci illərdə isə direktoru vəzifələrində çalışmışdır.
Vahid Hacıyev 1952-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1970-ci ildə professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Vahid Hacıyevin çoxillik ardıcıl və məqsədyönlü elmi fəaliyyəti əsasən Böyük və Kiçik Qafqazın, eləcə də Azərbaycanın yüksək dağ çəmənlərinin hərtərəfli və dəqiq geobotaniki tədqiqini əhatə etməklə, ölkəmizdə bu elm sahəsinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Vahid Hacıyev geobotanikanın ən müxtəlif sahələrinə, o cümlədən rayonlaşdırma, xəritələşdirmə, təsnifat, bitki ehtiyatları və onların qorunması məsələlərinə öz əsərlərində geniş yer ayırmışdır. O, botanikanın digər sahələrindən – floranın sistematikası, bitki örtüyünün, faydalı bitki ehtiyatlarının, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin öyrənilməsi problemləri ilə də davamlı məşğul olmuşdur.
Vahid Hacıyevin tədqiqatlarının 350-dən artıq məqalədə və 12 monoqrafiyada öz əksini tapdığını deyən institututun baş direktoru alimin fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, 1981-ci ildə “Şərəf nişanı” və 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edildiyini söyləyib.
Daha sonra tədbirdə b.e.d. Eldar Novruzov, b.e.d. Aydın Əsgərov, b.e.d. Şakir Qasımov, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d Şəkər Muxatrova, b.ü.f.d. Xuraman Xəlilova, b.ü.f.d. Kəmalə Əsədova və digərləri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər.
Sonda Vahid Hacıyevə həsr olunan sənədli film nümayiş etdirilib.