AR ETN Botanika İnstitutu, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Biomüxtəliflik və bioresurslar” mövzusunda elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva seminarın təşkilinin əsas məqsədi Ulu Öndərin Azərbaycan təbiətində qoyduğu irsi gənc nəsillərə çatdırmaqdan ibarət olduğunu vurğulayıb. Bildirib ki, Ölkəmizin təbii zənginliklərinin dövlət səviyyəsində mühafizə edilməsi işi XX əsrin ikinci yarısından etibarən sistemli şəkildə həyata keçirilmişdir. Hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyinin birinci dövründə görkəmli dövlət xadimi Heydər Əliyev respublikamızda təbii sərvətlərin qorunması, yaşıllaşdırma proqramlarının gerçəkləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atmışdır. Sevindirici haldır ki, Azərbaycan Respublikasında 2023 cü il “Heydər Əliyev ili” elan edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 noyabr 2022-ci il tarixli 3623 saylı Sərəncamının icrası ilə bağlı Azərbaycan botanik alimləri Azərbaycanın Qırmızı kitabının III nəşrini məhz Ulu Öndərin 100 illiyinə töhfə vermək arzusundadır. Alimin sözlərinə görə Respublikamızda 1117 cinsə aid 4961 növ bitki müəyyən edilmişdir. Ərazi erməni təcavüzünə məruz qaldığı illərdə qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə sahəsi, 710 hektar keçmiş kolxoz meşələri, 560 hektar arid meşə sahələri törətdikləri yanğınlar və dağıntılar nəticəsində ciddi ziyan görmüşdür. Bütün bunlar Qarabağa və Zəngəzura Böyük Qayıdışdan sonra Azərbaycan alimlərinin qarşısında mühüm vəzifələr qoyur.
Tədbirdə ETSN-nin nazirinin müavini, b.ü.f.d. Vüqar Kərimov çıxış edərək Biomüxtəlifliyin qorunması və davamlı istifadəsi XXI əsrin ən mühüm və qlobal problemlərindən olmaqla, dövlətin həllini vacib hesab etdiyi prioritet məsələlərdən biri olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən AR Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli bu tədbirin bilomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli istiqamətində qarşıya qoyulmuş bir sıra mühüm məsələlərin həllinə töhfələr verəcəyini bildirib.
AMEA-nın vitse-perzidenti, akademik İradə Hüseynova çıxışında seminarın işinə uğurlar arzulayıb və elmi tədqiqatların gələcək inkişafı üçün mühüm rol oynayacağını qeyd edib.
Millət vəkili Kamilə Əliyeva çıxış edərək belə aktual mövzuda keçirilən seminara görə təşkilatçılara təşəkkür edib. Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına toxunan millət vəkili qeyd edib ki, ekoloji terrora son qoyulması tələbi ilə keçirilən aksiya ərəfəsində belə tədbirlərin təşkili mühüm addımlardandır.
AMEA-nın müxbir üzvü Vaqif Novruzov Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirdə iştirakından məmnunluğunu bildirib. V.Novruzov görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev ölkəsinə, onun təbiətinə bağlılığından danışarkən, qeyd edib ki, ekoloji siyasət ümummilli liderin fəaliyyətinin mühüm tərkib hissəsi olmuşdur.
Akademik Tariyel Talıbov Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyinin zənginliyindən, ərazinin nadir və nəsli kəsilməkdə olan növlərinin bərpa edilməsindən söhbət açdı.
Botanika İnstitutunun icraçı direktoru, b.e.d., professor Şakir Qasımov ermənilərin Qarabağ və ətraf ərazilərdə törətdikləri ekosid haqqında ətraflı məlumat verib.
B.e.d., dosent Aydın Əsgərov 80-ci illərdə Qarabağ ərazisində aparılan çoxsaylı ekspedisiyalardan danışıb. İşğaldan azad edilmiş ərazilərdə ən azı 800-dən çox nadir ali bitki növnün ola biləcəyini deyən alim bu əraziləri biomüxtəlifliyin zənginliyinə görə Azərbaycanın ən zəngin regionlarından biri kimi səciyyələndirib.
B.e.d., professor Elman İsgəndər Qarabağın nadir və itmək təhlükəsində olan nadir növlər haqqında məruzə edib.
B.e.d., dosent Dilzarə Ağayeva “Göbələk patogenlər, invaziyalar və biotəhlükəsizlik” mövzusunda çıxış edərək bitkilərin təhlükəli göbələk patogeləri, epifitotiyalara səbəb olan növlər, onların tənzimlənməsində beynəlxalq təşkilatların rolu və mövcud sistemin elmi və əməli çətinliklərindən bəhs edib.
İki gün davam edən seminarda əlaqədar institutlardan olan elmlər doktorları, fəlsəfə doktorları, dissertant və magistrantlar müxtəlif mövzularda məruzə və posterlə çıxış ediblər. Mövzular ətrafında geniş müzakirələr aparılıb.
Sonda seminarın aktiv iştirakçılarına sertifikat təqdim olunub.