Arxiv
Botanika İnstitutunda 31 mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib
31.03.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 31 Mart Soyqırımı günü ilə bağlı tədbir keçirilib.

Tədbir iştirakçıları bir dəqiqəlik sükut və dərin ehtiramla  soyqırım qurbanlarının əziz xatirəsini yad ediblər.

İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva soyqırım haqqında tarixi faktlardan istinad gətirərək, faciənin amansızlığından və miqyasından danışıb. Qeyd edib ki, Bakı Soveti və daşnak erməni silahlı dəstələri 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının  müxtəlif bölgələrində, o cümlədən Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olub. Erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülmüşdür. Dövlət başçısı İlham Əliyevin “Quba şəhərində soyqırımı Memorial kompleksinin yaradılması haqqında” 30 dekabr 2009-cu il tarixli Sərəncamı bu istiqamətdə atılan mühüm addımlardandır.

Professor onu da qeyd edib ki, Müzəffər Ali baş komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsindəki şanlı zəfəri və gələcəyimiz olan gənclərin vətənpərvər yetişməsi bizim qururumuzdur. Müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək əsl həqiqətləri beynəlxalq aləmə çatdırmaq baxımından Azərbaycan gənclərinin üzərinə mühüm vəzifələr düşür.        

Tədbirdə çıxış edən professor Eldar Novruzov, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d. Sevil Dadaşova və digərləri öz çıxışlarında mart soyqırımını Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri kimi qiymətləndiriblər

Tədbirin sonunda 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş video rolik nümayiş olunub.