Arxiv
Karrar Dayaq məntəqəsində nadir bitkilərin canlı kolleksiyası yaradılır
04.05.2023

AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Kürdəmir rayonunda yerləşən Karrar dayaq məntəqəsində Azərbaycan Respublikasının Qırmızı kitabına daxil olan nadir bitkilərin canlı kolleksiyası yaradılır. Kolleksiyanın yaradılmasında məqsəd qiymətli bitki genofondunun qorunması və aid olduğu ərazilərə reintroduksiyasıdır.

İlkin tədqiqatlar üçün Botanika İnstitutunun Biomorfologiya və fitointroduksiya şöbəsinin əməkdaşları ekspedisiyada olublar. Ekspedisiya müddətində bioloqlar tərəfindən bitki nümunələri toplanılıb, fenoloji müşahidələr aparılıb, Qırmızı Kitaba düşən növlərin monitorinqi həyata keçirilib. İlkin təyinata əsasən Respublikanın müxtəlif ərazilərindən toplanmış 34 cinsə aid 55 növ (bu bitkilərdən 25-i Azərbaycanın Qırmızı kitabına daxil edilib) bitki və toxum materialı Karrar dayaq məntəqəsində kolleksiya üçün nəzərdə tutulan sahədə əkilib. Sözügedən kolleksiyanın zənginləşdirilməsində İnstitutun digər şöbə və laboratoriyalarının əməkdaları tərəfindən toplanan toxumlar öncədən dibçəklərdə cücərdilmiş və təcrübə sahəsində əkilmişdir. Qeyd edək ki, Zəngilan rayonu ərazisinin məhv  edilmiş yerlərində salınacaq “Çinarlıq” üçün fidanlar da bu kolleksiyada əks olunub.