Arxiv
Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olnumuş tədbir keçirilib
10.05.2023

AR ETN Botanika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbiri Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğundan, elmin, mədəniyyətin və təhsilin inkişafında misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, 1969-cu ildə hakimiyyətə gəldiyi vaxtdan başlayaraq, Azərbaycanı ətalətdən yüksək inkişaf mərhələsinə çıxaran, bütün məqamlarda xalqın qüdrətini, qüvvətini, mənəvi və maddi dəyərlərini, mədəniyyətini, elmini, istedadını dünyaya bəyan edən Ümummilli lider eyni missiyanı ölkənin zəngin təbiətinin və təbii sərvətlərinin dünyaya tanıdılması sahəsində də uzaqgörənliklə yerinə yetirmişdir. Heydər Əliyev ölkəmizin analoqu olmayan flora və faunası ilə daim fəxr və iftixar hissi keçirirdi, torpağının, havasının, landşaftının qorunub saxlanmasını, zənginləşdirilməsini tələb edirdi. Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycanın sabit inkişafı ekoloji problemlərin həllindən çox asılıdır. Onun bu siyasəti yurdumuzun torpaq, bitki, su, hava, meşə, bulaq, bitki örtüyünü daha dərindən öyrənməyə istiqamət verirdi.

Bu gün bioloq-alimlərimizin bitkilərin botaniki, texnoloji, tibbi cəhətdən, fiziki-kimyəvi, hüceyrə, gen səviyyəsində hərtərəfli tədqiqi istiqamətinə yönəldilmiş elmi-tədqiqat işləri beynəlxalq miqyasda tanınır və qiymətləndirilir.

S.İbadullayeva onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 noyabr 2022-ci il tarixli 3623 saylı Sərəncamının icrası ilə bağlı Azərbaycan botanik alimləri tərəfindən “Qırmızı kitab”ın III cildinin hazırlanması əhəmiyyətli töhfə oldu. Həmçinin, Botanika İnstitutunun təşkilatçılığı ilə 22-24 iyun 2023-cü il tarixində “Heydər Əliyev İli”nə həsr edilmiş “Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulub.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Sonda Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının üzvləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli liderin məzarını ziyarət ediblər.