AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun bir qrup əməkdaşı b.ü.f.d., dosent Rəna Abdıyevanın rəhbərliyi ilə Neftçala rayonu ərazisində ekspedisiyada olublar.
Ekspedisiyanın məqsədi Xəzər dənizi sahilində erkən yaz florasının qeydə alınması və bitki örtüyünün müasir vəziyyətinin öyrənilməsi olub. Tədqiqatlar Kür çayının Xəzər dənizinə qovuşan sahəsi, Xəzər dənizinin sahilboyu ərazisi (30 km) və sahil yaxınlığında yerləşən Uzunbabalı, Bankə, Yenikənd, Qırmızı şəfəq, Qaravəli, İkinci Mayak, Birinci mayak, Həsənabad, Mirzəqurbanlı, Mikayıllı, Şirvanlı kəndlərində aparılıb.
Çöl tədqiqatları zamanı məlum olub ki, rayonun bitki örtüyündə yulğun formasiyalarının yayılması zonal xarakter daşıyır. Neftçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan ərazisində balıqçılıq və otarılma amilləri güclü səhralaşma prosesinin yaranmasına şərait yaradır. Həmçinin Neftçala rayonunun dəniz kənarı ərazilərində turizmin inkişafının bitki örtüyünə mənfi təsiri də gözlənilir.