AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva Naxçıvan Dövlət Universiteti və Qaradəniz Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Apiterapiya və Təbiət konqresində iştirak edib.
Konqresin açılış mərasimində Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirildikdən sonra elm və ali təhsil ocaqlarının rəhbərləri və nüfuzlu şəxslər çıxış ediblər.
Mərasimdə AR ETN Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva “Azərbaycanda yaşayan etnik qrupların faydalı bitkilərdən istifadəsi” mövzusunda çıxış edərək, ilk dəfə olaraq nəsli kəsilməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksi barədə məlumat verib. Professor məruzəsində Azərbaycanda yaşayan 21 etnik qrupun istifadəsində olan 300-ə qədər növün bioekologiyası, fitosenologiyası və təsərrüfat əhəmiyyətini, etnik qrupların yaşadıqları populyasiyaların areal xəritəsini təqdim edib. Həmçinin Azərbaycan biomüxtəlifliyində dərman preparatlarında istifadə edilən bəzi maddələrin xammal mənbəyi barədə danışıb.
Konqresin bağlanış mərasimində NDU nun rektoru cənab Elbrus İsayev və Karadeniz Universitetinin rektoru professor Hamdullah Çuvalcı tərəfindən S.İbadullayevaya sertifikat və xatirə lövhəsi təqdim olunub.
Üç gün davam edən tədbirdə “Təbiət və təməl elmlər”, “Tibb elmləri”, “Alternativ və tamamlayıcı tibb”, “Apiterapiya”, “Arıçılıq və arıçılıq məhsulları” sahələri üzrə bölmə çıxışlarında 6 ölkədən olan 300-dən çox məruzəçi dinlənilib.
S.İbadullayeva səfər müddətində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfli, Naxçıvan MR Səhiyyə naziri v.i.e. Samiq Sadiqov, Türkiyə Cümhuriyyəti Universitetlərinin rektorları, digər dövlət nümayəndələri və iş adamları ilə Naxçıvan MR-nın gələcək inkişafı naminə yeni strategiya müzakirələrində iştirak edib.
S.İbadullayeva Naxçıvan TV-də səhər proqramının qonağı olub və konfrans barədə təəssüratlarını bölüşüb.