Arxiv
“Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans başa çatıb
03.07.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illliyinə həsr edilmiş “Bitki aləminin öyrənilməsində müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans bağlanış mərasimi ilə başa çatıb.

Mərasimdə çıxış edən Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva konfransda iştirak edən qonaqlara, yerli və xarici məruzəçilərə təşəkkürünü bildirib.

Konfransda Ukrayna Milli Elmlər Akademiyasının M.G.Xolodnı adına Botanika İnstitutunun Mikologiya şöbəsinin baş elmi işçisi, b.e.d., professor Nina Bisko, Özbəkistanın Karantin və Bitkilərin Mühafizəsi Agentliyinin mərkəzi fitosanitar laboratoriyasının müdiri Sevarxon Xodcayeva, Azərbaycan Tibb Universitetinin farmakoqnoziya kafedrasının müdiri, professor Cavanşir İsayev, AMEA-nın müxbir üzvü Pənah Muradov, Botanika İnstitutunun icraçı direktoru, b.e.d., professor Şakir Qasımov və başqaları konfransın işini yüksək qiymətləndirərək təşəkkür ediblər.

Botanika İnstitutunda beynəlxalq konfransın keçirilməsi yeni əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradıb. Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutu və Ukrayna Milli Elmlər Akademiyasının M.G.Xolodnı adına Botanika İnstitutu ilə əməkdaşlığa dair memorandumların imzalanması Botanika İnstitutunun növbəti uğurlarından oldu.

Konfransa təqdim olunan məruzələrin tezisləri kitab formatında nəşr olunub. Elmi məruzələrlə çıxış edənlərə sertifikatlar təqdim olunub.

Mərasimi iştirakçıların Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarəti və dəniz kənarında ziyafət yeməyi ilə yekunlaşıb.