Arxiv
Botanika İnstitutu ilə Çin Elmlər Akademiyasının Kunminq Botanika İnstitutu arasında elmi əlaqələr yaradılır
28.07.2023

Çin Elmlər Akademiyasının Kunminq Botanika İnstitutunun direktoru, professor Sun Hanq, Çin Elmlər Akademiyasının Kunminq Botanika İnstitutunun professoru, Herbariumun kuratoru Deng Tao, Çin Elmlər Akademiyasının Kunminq bölməsinin direktoru, professor Zhou Jie, Çin Elmlər Akademiyasının Kunminq Botanika İnstitutunun Administrasiyasının rəhbəri Dr. Zhu Weidong AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda işgüzar səfərdədir. Səfərin məqsədi Botanika İnstitutu ilə əməkdaşlıq memorandumunun imzalanması və müştərək layihələrin müzakirəsi olmuşdur.

Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva görüş zamanı qonaqları Botanika İnstitutunda görməkdən məmnun olduğunu bildirib. S.İbadullayeva İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr, gələcək hədəfləri barədə ətraflı bəhs edib və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri geniş müzakirə olunub.

Təqdim olunan ətraflı məlumata görə minnətdarlığını ifadə edən Çin Elmlər Akademiyasının Kunminq Botanika İnstitutunun direktoru, professor Sun Hanq  institutun elmi fəaliyyətini yüksək qiymətləndirərək elmi-tədqiqat sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb.

Görüş birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, kadr və təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib. Qonaqlara S.İbadullayeva tərəfindən Azərbaycanın "Qırmızı Kitab"ının III nəşri və simvolik hədiyyələr təqdim edilib.

Alimlər İnstitutun Alqotekasında və Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin saxlanılma şəraiti və herbarilərin Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan işlərlə  tanış olublar.

Çin Elmlər Akademiyasının Kunminq Botanika İnstitutu və AR ETN Botanika İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memoranduma əsasən bitki və göbələk müxtəlifliyinin birgə tədqiqi, hər iki ölkə ərazisinin florasında tapılan eyni bitki növlərinin tədqiqi, bitki nümunələrinin mübadiləsi, molekulyar genetik analizlərin aparılması, müştərək layihələrin təşkili, kadrların təcrübə mübadiləsi və s. həyata keçirilməsi nəzərdə tutulub.

Sonda qonaqlar Botanika İnstitutunda olmaqdan məmnunluqlarını ifadə edib, müəssisənin fəaliyyətinə uğurlar arzulayıblar.