Oktyabrın 27-də AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında İnstitutun dissertantı Aygün Novruz qızı Zeynalovanın 2417.01-“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan florasında Acıçiçək (Gentiana L.) cinsinin sistematikası və bioekoloji xüsusiyyətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiə iclası keçirilib. Dissertasiya işi biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Qaraxaninin rəhbərliyi altında yerinə yetirilib. İşin rəsmi opponentləri AMEA-nın müxbir üzvü, b.e.d., professor, əməkdar elm xadimi Vaqif Novruzov, b.e.d., professor Daşqın Qənbərov və b.ü.f.d., dosent Sitarə Mustafayevadır.
Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.
İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib. Tədqiqat işində bir sıra maraqlı nəticələr əldə olunub. İlk dəfə olaraq Azərbaycan florasında G.septemfida (Abşeron), G. asclepiadea (KQ şimalı Gəncə və Gədəbəy rayonları) növlərinin yeni yayılma arealları göstərilmişdir. Acıçiçək cinsi növlərinin yüksəklikdən asılı olaraq yayılma qanunauyğunluqları müəyyənləşdirilmiş və GPS koordinatları əsasında xəritə sxemi tərtib edilmişdir. Müxtəlif coğrafi areallara malik Gentiana növlərinin xoroloji analizi aparılmış, 5 coğrafi element müəyyən edilmişdir.
Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.
Gizli səsvermənin nəticələrinə əsasən, Aygün Zeynalovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.