Arxiv
Botanika İnstitutunun Müdafiə şurasında Kəmalə Əsədovanın b.ü.f.d. dissertasiya işinin müdafiəsi keçirilib
27.10.2023

Oktyabrın 27-də AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında AR ETN Genetik Ehtiyatlar İnstitutunun dissertantı Kəmalə Valeh qızı Əsədovanın 2417.01-“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda yayılan Lərgə cinsi (Vicia L.) növlərinin bioekoloji xüsusiyyətləri və səmərəli istifadəsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiə iclası  keçirilib.

Dissertasiya işi b.e.d., dosent Aydın Əsgərovun rəhbərliyi altında yerinə yetirilib. İşin rəsmi opponentləri b.e.d. Fatmaxanım Nəbiyeva, b.ü.f.d. Zülfiyyə Məmmədova və b.ü.f.d. Hilal Qasımovdur.

Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.

İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib. Tədqiqat işində bir sıra maraqlı nəticələr əldə olunub. İlk dəfə olaraq, Azərbaycanda Vicia L.cinsinin növdaxili taksonomik konspekti işlənib hazırlanmışdır. Müasir Azərbaycan florasında Lərgə (Vicia L.) cinsi 2 yarımcins, 14 seksiyaya aid 52 takson, o cümlədən 36 yabanı və 1 mədəni növ, 7

yarımnöv, 8 növmüxtəlifliyindən ibarətdir; bunlardan “Флора Азербайджана” əsərində verilən cinsin taksonomik tərkibinə 7 yarımnöv əlavə edilmişdir. 2 növün və 1 yarımnövün yeni yayılma sahəsi müəyyən edilmişdir. Öyrənilən növlərin nomenklaturası, areal tipləri dəqiqləşdirilmiş, onların elektron xəritə-sxemi tərtib edilmişdir.

Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.

Gizli səsvermənin nəticələrinə əsasən, Kəmalə Əsədovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.