Oktyabrın 30-da AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında Naxçıvan Dövlət Universitetinin dissertantı Ləman Azad qızı Novruzovanın 2432.01 – "Bioloji ehtiyatlar" ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Naxçıvan Muxtar Respublikasının florasında mürəkkəbçiçəklilərin helmintosid təsirli nümayəndələrinin ehtiyatı, bioekoloji-fitokimyəvi tədqiqi və istifadə perspektivləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiə iclası keçirilib. Dissertasiya işi AMEA-nın müxbir üzvü, baytarlıq elmləri doktoru, professor Saleh Məhərrəmov və biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın rəhbərliyi altında yerinə yetirilib. İşin rəsmi opponentləri biologiya elmləri doktoru, dosent Ədilə Ələsgərova, biologiya elmleri doktoru, professor Sevda Əhmədova, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədovdur.
Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.
İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib. Tədqiqat işinin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası florasında Mürəkkəbçiçəklilərin taksonomik tərkibi 89 cins, 337 növlə müəyyənləşdirilmiş, onlardan 66 növün dərman, o cümlədən, helmintoz xüsusiyyətli olduğu aşkarlanmışdır. Taksonomik analizlər nəticəsində növlərin statusu və arealı dəqiqləşdirilmiş, helmintoz təsirli növlərin yayılması və bioekoloji xüsusiyyətləri öyrənilmişdir. Bəzi növlərin morfo-anotomik quruluş xüsusiyyətləri və populyasiya göstəriciləri təyin edilmişdir. Efir yağlı antihelmint növlərin sulu ekstraktları və efir yağlarının helmintlərə təsir mexanizmi aşkarlanmış, bəzi qarışıq bitkilər sınaqdan çıxarılmışdır.
Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.
Gizli səsvermənin nəticələrinə əsasən, Ləman Novruzovanın biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.