Arxiv
Botanika İnstitutunda gənc alimlərin beynəlxalq payız məktəbinin açılışı olub
06.11.2023

6 noyabr tarixində AR ETN Botanika İnstitutunun təşkilatçılığı ilə "Heydər Əliyev ili"nə həsr edilmiş gənc alimlərin beynəlxalq payız məktəbinin açılış mərasimi keçirilib.Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tədbirdə, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, tədbirin Təşkilat Komitəsinin üzvləri, eləcə də Botanika İnstitutunun kollektivi, xarici qonaqlar, gənc mütəxəssislər və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli payız məktəbinin iştirakçılarını AMEA-nın Rəyasət Heyəti adından salamlayıb. Qeyd edib ki, gənclərin elmdə yeri, gənc alimlərin hazırlanması məsələsi bu gün dünya elminin və Akademiyalarının başlıca problemlərindən biridir. Cari ilin sentyabr ayında dünyanın 230 elmi akademik qurumunu birləşdirən Beynəlxalq Elmi Şuranın iclasında iştirakı barədə məlumat verən akademik İsa Həbibbəyli tədbirdə süni intellekt, iqlim dəyişikliyi kimi aktual məsələlərin müzakirəsi ilə yanaşı, gənc elmi kadrların hazırlanması probleminin də diqqət mərkəzində olduğunu, geniş fikir mübadiləsinin aparıldığını söyləyib.

Akademik İsa Həbibbəyli dövlətimiz tərəfindən gənclərin stimullaşdırılması istiqamətində mühüm addımların atıldığını, doktorantların təqaüdlərinin artıldığını bildirib. Həmçinin AMEA-da elmin gəncləşməsi, gənclərin 30 yaşa kimi müdafiə etməsi istiqamətində mühüm addımların atılmasına başlanıldığını, doktorantların işlə təmin edildiyini və onlara ixtisas fənnindən seminarların keçirildiyini, beynəlxalq konfranslara və təcrübələrə göndərildiklərini, Rəyasət Heyətinin qərarı ilə “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın təsis olunduğunu, Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən “Gənc tədqiqatçı” jurnalının bu ildən başlayaraq 4 nömrəyə (biri ingiliscə) çatdırıldığını, ingilis dilində nömrəsinin artıq çap mərhələsində olduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli, o cümlədən gənclərin üzərinə düşən vəzifələrdən danışıb, ingilis dilini və ixtisas fənnini yüksək mənimsəmək, tədbirlərə və konfranslara qatılmaq, qrant layihələrində iştirak etmək barədə tövsiyələrini verib.

AMEA rəhbəri çıxışının sonunda bildirib ki, gənclərin elmdə iştirakı artdıqca Azərbaycan elminin, elmi məktəblərin davamlılığı təmin edilir və bu xüsusda Akademiya kollektivi cəmiyyətdə elmin populyarlaşdırılması istiqamətində səylərini davam etdirir.

Sonra çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, gənclərin elmi tədqiqatlara cəlb edilməsi Azərbaycanın sosial, iqtisadi, innovativ gələcəyi üçün vacib məsələlərdəndir. Onun sözlərinə görə, elmin kommersiyalaşdırılması, alimlərimizin intellektual əməyinin bəhrəsinin sənayedə tətbiqi bu gün mühüm məsələlərdəndir və bu və digər amillər elmdə qocalmanın qarşısını ala bilər.

İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva çıxışını Ümummilli Lider Heydər Əliyevin gənclər haqqında dediyi “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” sözləri ilə başlayıb. S.İbadullayeva vurğulayıb ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır.

Professor, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və  birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın öz fəaliyyəti zamanı Azərbaycan gəncliyinə göstərdiyi qayğıdan danışıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın rəhbərliyi ilə  təbiətin və ətraf mühitin mühafizəsi sahəsində ölkəmizdə görülən işləri diqqətə çatdırılıb. 2011-ci ildə təsis edilən IDEA İctimai Birliyinin Azərbaycanda, biomüxtəlifliyin mühafizəsi ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verilib.

S.İbadullayeva nitqini “Biomüxtəlifliyin qorunmasında prioritetlər” mövzusunda təqdimatla (gənclərə ustad dərsi) davam edib. S.İbadullayeva çıxışı zamanı Bioloji müxtəlifliyin tükənməsinin ən başlıca səbəbi təbii resurslardan düzgün istifadə edilməməsi, ətraf mühit amillərinin çirklənməsi və qlobal iqlim dəyişkənlikləri ilə əlaqəli olduğunu qeyd edib. Biomüxtəliflik qanunauyğunluqlarının necə ölçülməsi və coğrafi prioritetlərin necə müəyyən edilməsi məsələsinə toxunub. O, qeyd edib ki, müxtəlif ölkələrdə,  regionlarda bitkilərin azalmasına diqqət yetirilməli, yüksək filogenetik müxtəlifliyə malik ərazilər, biomüxtəliflik üzrə qaynar nöqtələr, təbii qoruqlar, toxunulmaz yerlər, Milli Parklar və s. nəzərə alınmalıdır.

Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Zeynalova  "Heydər Əliyev ili"nə həsr edilmiş gənc alimlərin beynəlxalq payız məktəbi tədbirində umumilikdə 12 elmi-tədqiqat institutu və universitetlərdən 60-yaxın yerli və xarici gənc alim iştirak etdiyini deyib.

Konfrans işini müxtəlif elmi istiqamətlər üzrə bölmə iclaslarında davam etdirib. Məruzələr və poster məruzələr ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, noyabrın 9-dək davam edəcək konfrans çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin bitki genofondu və ekoloji vəziyyəti”, “Bitki sistematikası, filogeniyası və coğrafiyası”, “Etnobotanika və fitoterapiya: bitki-insan əlaqələri”, “Mikologiya və mikrobiologiya”, “Biokimya və molekulyar biologiya: bitki və göbələk metabolizmi”, “Bitkilərin aqroeko fiziologiyası”, “Fitobiotexnologiya və aqroekologiyanın innovativ aspektləri”, “Bitki introduksiyası və seleksiyası: keçmişin kökü, sabahın toxumu”, “Biomüxtəlifliyin qorunması və ərzaq təhlükəsizliyinin təmin edilməsi: bitki ehtiyatları və genetik ehtiyatlar”, “Təbii və mədəni floranın qorunmasında və davamlı istifadəsində Milli Parkların, Qoruqların və Botanika bağlarının rolu” istiqamətləri üzrə çıxış və təqdimatlarla davam edəcək.

Tədbirin davamında herbarinin hazırlaması üzrə master-klass, herbari kolleksiyası ilə tanışlıq, viktorinalar keçirilib.