Arxiv
“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitab işıq üzü görüb
12.01.2024

AR ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitabı çap edilib. Kitab “Azərbaycan florasında yayılan dərman bitkilərinin istifadəsi perspektivləri" adlı elmi tədqiqat proqramı çərçivəsində ərsəyə gəlib.

Kitabda Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşında qalan 150-dən çox bitki və bitki yığımlarının müalicəvi təsirləri, onların istifadə üsulları haqqında etnobotaniki sorğular nəticəsində toplanmış məlumatlar və bitkilərin şəkilləri əks olunub.

Kitabın elmi redaktorları AMEA-nın vitse-prezidenti, akademik, biologiya elmləri doktoru, professor İradə Hüseynova və Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Qurbanov, rəyçiləri isə Botanika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, professor Şakir Qasımov, İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Elmi- Tədqiqat  Mərkəzinin “Patoloji proseslərin modelləşdirməsi və eksperimental terapiyası” şöbəsinin müdiri, tibb elmləri doktoru, professor Fikriyyə İbrahimova və Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Cavanşir İsayevdir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, xalqımızın və rəşadətli ordumuzun  sayəsində 30 il el-obasından ayrı düşmüş soydaşlarımız artıq doğma yurdlarına qayıdırlar. Bu tarixi hadisəyə töhvə olaraq hazırlanan əsərdə əsas məqsəd  “Böyük Qayıdış” icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq və onların istifadə yollarını öyrətməkdir.

 Kitab əhəmiyyətli mənbə kimi öz doğma el-obalarına qayıtmış icmalara təqdim olunacaqdır.