AR ETN Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d. Aydan Hüsüyeva və Elmi avadanlıqlardan ümumi istifadə sektorunun müdiri Emin Hüsüyev Sankt-Peterburq Dövlət Universitetində (SPDU) ezamiyyətdə olublar. Ezamiyyətin məqsədi gələcəkdə Botanika İnstitutunda yaradılacaq laboratoriyaların imkanlarının və riskinin müəyyənləşdirilməsi olub.
Öncə əməkdaşlar SPDU Elm Parkının nəzdində fəaliyyət göstərən 25 resurs mərkəzi haqqında ətraflı məlumat əldə edib. Onlara bildirilib ki, bu mərkəzlər SPDU İnkişaf Proqramının əsas istiqamətləri üzrə “Nanotexnologiyalar və materialşünaslıq”, “Biotibb və insan sağlamlığı”, “Ekologiya və ətraf mühitin idarə edilməsi”, “İnformasiya sistemləri və texnologiyaları” qruplarda birləşdirilib. Daha sonra “Nanotexnologiyalar və materialşünaslıq” qrupu üzrə fəaliyyət göstərən "Maddənin tərkibinin təhlili üsulları" resurs mərkəzinin direktoru Serebryakov Yevgeniy Borisoviç bu mərkəzin məhz analitik kimya sahəsində elmi-tədqiqat işlərinin aparılması məqsədilə yaradılması və müxtəlif tədqiqat metodlarından istifadə etməklə fərqli mürəkkəblikdə olan maddələrin təhlilini aparmağın mümkünlüyü haqqında məlumat verib. Həmçinin direktor mərkəzin əsas iş istiqamətləri olan qaz xromatoqrafiyası, qaz xromatoqrafiyası-kütləvi spektrometriya, maye xromatoqrafiyası, atom udma və emissiya, optik üsullar, optik spektrometriya, rentgen üsulları və üzvi birləşmələrin element analizi barədə gənc əməkdaşlarla nəzəri və praktiki biliklərini bölüşüb. Görüşün sonunda birgə əməkdaşlıq perspektivləri müzakirə edilib və gələcəkdə bu əməkdaşlığın inkişafı ilə bağlı müəyyən ilkin razılıq əldə olunub.
Sonda Botanika İnstitutunda keçirilən seminarda gənclərin “Botanika İnstitutunun texniki bazasının gücləndirilməsi məqsədilə SPDU Elmi Park modelinin öyrənilməsi” mövzusunda ezamiyyətin nəticəsinə dair məruzələri dinlənilib.