Fevralın 14-də Azərbaycanda geobotanika məktəbinin yaradıcısı, görkəmli alim, Əməkdar elm xadimi, akademik Vahid Hacıyevin doğum günüdür. Ölkəmizdə botanika elminin inkişafına dəyərli töhfələr verən alim ömrünün 56 ilindən çoxunu bu sahəyə həsr edib.
Vahid Cəlal oğlu Hacıyev 1928-ci il fevralın 14-də Azərbaycanın Şuşa şəhərində anadan olub. Gəncə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Tarlaçılıq fakültəsində ali təhsil aldıqdan sonra Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi fəaliyyətə başlayıb. 1949–1952-ci illərdə Sankt-Peterburq şəhərindəki SSRİ Elmlər Akademiyasının V. L. Komarov adına Botanika İnstitutunun aspirantı olub və 1952-ci ildə “Azərbaycanın quraqlığa davamlı paxlalı yem bitkiləri və onlardan qış otlaqlarında istifadə imkanları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycana qayıdıb. Ölkəmizdə yüksək dağ çəmənlərinin geobotaniki tədqiqat işlərinin aşağı səviyyədə olduğunu görən alim geobotanikanın məhz bu sahəsini əsaslı öyrənməyi və inkişaf etdirməyi qərara alıb. 1966-cı ildə о, “Böyük Qafqazın yüksək dağ bitkiliyi (Azərbaycan daxilində), onun dinamikası və təsərrüfat əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Görkəmli akademik yüksək dağ çəmənlərinin flora və bitki örtüyünə dair tədqiqatlara diqqət yetirərək Böyük və Kiçik Qafqazın, Talışın yüksək dağ çəmənlərini hərtərəfli öyrənib. Tədqiqatlarında geobotanikanın klassik və müasir metodlarından, həmçinin bitki örtüyünün aerokosmik və məsafə metodlarından istifadə etməklə onların öyrənilməsinə geniş yer verən alimin bilavasitə elmi rəhbərliyi və iştirakı ilə Azərbaycanın qış (1,5 milyon hektar) və yay (0,5 milyon hektar) otlaqlarının ən müasir geobotaniki tədqiqi və pasportlaşdırılması aparılıb. V.Hacıyev uzun illər apardığı hərtərəfli elmi müşahidələr və çöl tədqiqatları zamanı topladığı materiallar əsasında Azərbaycanda yüksək dağ bitkiliyinə həsr olunan “Böyük Qafqazın yüksək dağ bitkiliyi (Azərbaycan daxilində) və onun təsərrüfat əhəmiyyəti” (1970), “Böyük Qafqazın yüksək dağ bitkiliyi formasiyalarının dinamikası və məhsuldarlığı” (1974) monoqrafiyalarını nəşr etdirib. Həmin əsərlərdə Böyük Qafqazın yüksək dağ bitkiliyinin tam floristik təhlili verilib, dominant və subdominant bitki formasiyalarının geobotaniki səciyyəsi və bitki örtüyünün dinamikası, ekzogen və endogen, xüsusilə antropogen amillərin təsiri açıqlanıb.
“Talışın yüksək dağ çəmənlərinin florası və bitkiliyi” (1979) əsərində alim Talışın endemik növlərinin Hirkan mənşəli bitkilər olmaqla genetik cəhətdən Mərkəzi Anadolu və İran növəmələgəlmə mərkəzləri ilə sıx qohumluq əlaqələrinin olduğu fikrini irəli sürüb və ilk dəfə Talışın yüksək dağ-çəmən bitki tiplərinin formalaşmasının əsas fitosenoloji parametrlərinin dinamikasını araşdıraraq geobotanikа və floristika sahəsində çox mühüm elmi və tətbiqi nəticələrin alınmasına əsas verib.
Akademik V.Hacıyevin elmi tədqiqatları sırasında faydalı, nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi baxımından Moskvada 1985-ci ildə nəşr edilən “Zaqatala qoruğu” adlı irihəcmli əsəri də diqqəti cəlb edir. Əsərdə Zaqatala qoruğunun təşkilindən, onun florasından, yayılmış nadir bitkilərinin qorunmasından ətraflı bəhs olunur və elmi tövsiyələr verilir.
V.Hacıyev 1949-cu ildən AMEA-nın Botanika İnstitutunda çalışmağa başlayıb. İyirmi ildən çox bu elmi müəssisəyə rəhbərlik etmiş V.Hacıyevin İnstitutun maddi-texniki bazasının möhkəmləndirilməsində, savadlı kadrların yetişməsində böyük rolu olub.
Vahid Hacıyevin geniş elmi-tədqiqatları bitkilərin təsnifatı sahəsini də əhatə edib. Belə ki, müəlliflərindən biri olduğu səkkiz cildlik “Flora Azerbaydjana” əsərinin V-VIII cildləri üçün alim beş fəsiləyə, 25 cinsə aid işlədiyi 84 növün elmi təsvirini verib. Alimin, həmçinin 1989-cu ildə kollektivin ümumi səyi nəticəsində tərtib olunaraq nəşr edilən Azərbaycan florasının nadir, relikt, endemik növlərindən olan 140 bitkini əhatə edən “Azərbaycanın Qırmızı kitabı” (II hissə) əsərində həmin bitkilərin yayılmasına, qorunmasına dair kifayət qədər təkliflər verilib.
Azərbaycanda, həmçinin keçmiş Sovet İttifaqında və digər xarici ölkələrdə nəşr edilən 350-dək elmi işin, o cümlədən 7 monoqrafiyanın müəllifi V.Hacıyev flora, bitki örtüyü və bitki ehtiyatlarına həsr edilən 30-dan çox kitabın, dərslik və terminoloji lüğətlərin elmi redaktoru olub. 1979-cu və 1987-ci illərdə onun müxtəlif miqyaslarda tərtib etdiyi “Azərbaycan bitki örtüyü” xəritələrində ilk dəfə yüksək dağ çəmənlərinin bitki örtüyü rayonlaşdırılıb və assosiasiya səviyyəsində təsnifatı verilib. V.Hacıyevin rəhbərliyi və iştirakı ilə 1992-ci ildə yenidən hazırlanan və sonrakı illərdə rus, ingilis dillərində nəşr edilən “Azərbaycanın bitki örtüyü” xəritəsi respublikanın bitki örtüyünün və qismən florasının tam aynasıdır.
Vahid Hacıyev elmi uğurlarına görə 1970-ci ildə professor, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü və 1989-cu ildə isə həqiqi üzvü seçilib.
Görkəmli alim Azərbaycanın elmi əlaqələrinin beynəlxalq səviyyədə möhkəmləndirilməsində, botanika elminin dünyada təbliğ və təmsil olunmasında mühüm xidmətlər göstərib. Vahid Hacıyev müxtəlif illərdə bir sıra orden və medallarla təltif olunub, beynəlxalq elmi təşkilatların mükafatlarına layiq görülüb. Onun tələbələri hazırda ölkədə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər.
Akademik Vahid Hacıyev 2008-ci il aprelin 7-də vəfat edib. Onun Azərbaycan elminin inkişafına, dünyada təbliğinə dair verdiyi töhfələri dərin ehtiramla xatırlanır.