Arxiv
Botanika İnstitutunda Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
26.02.2024

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva tədbiri açaraq, Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışıb. Qeyd edib ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Alim bildirib ki, 32 il ötməsinə baxmayaraq Xocalı faciəsinin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Soyqırım nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. Xocalı soyqırımı barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən danışarkən qeyd edib ki, artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırım kimi qəbul edib.

Professor 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən danışaraq erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.

Tədbirdə İnstitutun icraçı direktoru, biologiya elmləri doktoru Şakir Qasımov, biologiya üzrə fəlsəfə doktorları Ələddin Qədimov, Pərvanə Qaraxani, Aygün Məmmədova, Nigar Mürsəl qızı və Aydan Hüsüyeva çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu bildirib, faciə günahkarlarının dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda Botanika İnstitutunun əməkdaşları Xocalı Soyqırımı abidəsini ziyarət ediblər.