Arxiv
AR ETN Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Botanika İnstitutu “Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi üzrə İttifaqı”na üzv olub
05.03.2024

AR Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Botanika İnstitutu “Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi üzrə İttifaqı”na (BCAA - Biodiversity Conservation Alliance for Arid Land) daxil edilib.

 11 dekabr 2022-ci il tarixində Kanadanın Monreal şəhərində biomüxtəliflik üzrə konvensiyasının (CBD) 15-ci tərəflər konfransı (COP15) çərçivəsində Beynəlxalq Elm Təşkilatları İttifaqı (ANSO) və Çin Elmlər Akademiyasının Xinjang Ekologiya və Coğrafiya İnstitutunun (XIEG) birgə təşkilatçılığı ilə “Quraq torpaqlarda yaşıl həyat üçün biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” adlı paralel tədbir keçirilmişdir. Sözügedən tədbir zamanı Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi üzrə İttifaqı (BCAA) XIEG-in təşəbbüsü ilə Beynəlxalq Elm Təşkilatları İttifaqı (ANSO), İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICIMOD), Tottori Yapon Universitetinin Quru torpaqların tədqiqatı və təhsil üzrə beynəlxalq platforma (IPDRE), Tacikistan Milli Elmlər Akademiyası (NAST), NAST-ın Botanika, Fiziologiya və Bitki Genetikası İnstitutu, NAST-ın Zoologiya və Parazitologiya İnstitutu, NAST-ın Pamir Bioloji İnstitutu, Qazaxıstan Respublikasının Zoologiya İnstitutu, Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutu və  Qırğız Respublikası Milli Elmlər Akademiyasının Biologiya İnstitutu ilə birlikdə yaradılmışdır.

Bu ittifaqın yaradılmasında başlıca məqsəd quraq ərazilərdə biomüxtəlifliyin vəziyyəti və problemlərinə diqqət yetirmək, müxtəlif ölkələrin alimlərini bir araya gətirmək, növlərin yox olmasına səbəb olan mexanizmlər, ekosistemin yaxşılaşdırılması, bioloji resursların mühafizəsi və davamlılığı kimi əsas məsələlər üzrə birgə tədqiqatlar aparmaq, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin və Biomüxtəlifliyə dair 2050 Baxışının həyata keçirilməsinə töhfə vermək və quraq torpaqlarda bütün həyat üçün ortaq gələcəyi olan icmanın qurulmasını təşviq etməkdir. Fəaliyyət planına əsasən bu ittifaq gələcəkdə quraq ərazilərdə biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi üzrə birgə tədqiqatların keçirilməsi, bilik mübadiləsi, potensialın artırılması və digər fəaliyyətlər üzrə hökumətlər, vətəndaş cəmiyyətləri, alimlər və yerli icmalar üçün beynəlxalq platforma hesab olunacaqdır.  

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AR Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Botanika İnstitutu və Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi üzrə İttifaqının birgə təşkilatçılığı ilə Beynəlxalq konfrans keçiriləcəkdir.