Arxiv
Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
07.03.2024

AR Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.  

Tədbiri İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq müəssisənin xanım əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. Professor qadınların cəmiyyətdəki rolundan danışaraq qeyd edib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Azərbaycan qadını dünyaya ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir.

Ali bitkilərin sistematikası və filogeniyası şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Aydın Əskərov qadın əməkdaşlarının elmi fəaliyyətlərindən bəhs edib. İnstitutun elmi fəaliyyətində qadınların rolunu yüksək qiymətləndirən alim, botanika elmini fundamental araşdırmaları ilə zənginləşdirən qadın alimlərimizin adlarını sadalayıb.

Sonda İnstitutun elmi və ictimai həyatında fəal iştirak edən bir qrup qadına Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin Fəxri fərmanları təqdim olunub. İnstitutun Azad Həmkarlar Təşkilatı tərəfindən qadın əməkdaşlara hədiyyələr təqdim edilib.

Tədbir təbii daşlardan hazırlanmış aksesuarlardan ibarət əl işləri sərgisinin təqdimatı ilə başa çatıb.