Arxiv
Botanika İnstitutunun əməkdaşları Almaniyada elmi ezamiyyətdə olub
01.04.2024

AR ETN Botanika İnstitutunun gənc əməkdaşları, biologiya üzrə fəlsəfə doktoru Aytən Fətdayeva, doktorantlar Asya Əkbərova və Səbinə Hacıyeva Almaniyanın Berlin şəhərində elmi ezamiyyətdə olublar. Ezamiyyətin məqsədi Berlin Freie Universitetinin Biologiya bölməsində Berlin Botanika Bağı və Botanika Muzeyinin (BGBM, Almaniya) direktoru, professor Thomas Borshun rəhbərliyi ilə keçirilən Molekulyar-filogenetika kursunda iştirak etmək və molekulyar-filogenetik analizlər aparmaq olub.

Kurs müddətində gənc tədqiqatçılar tərəfindən Berlin Botanika Bağı və Botanika Muzeyinin laboratoriyasında Azərbaycan florasında yayılan  Campanula L., Teucrium L. bitki cinslərinə aid növlər üzərində molekulyar-filogenetik tədqiqatlar aparılıb. Azərbaycanın müxtəlif rayonlarından toplanılan Campanula və Teucrium cinslərinin növlərinə  aid  silikageldə  saxlanılan  yarpaq  nümunələrinin laborator şəraitdə DNT-in ektraksiyası, onun  PZR amplifikasiyası,  elektroforezi və xüsusi metodikalara uyğun proqram təminatları vasitəsilə DNT ardıcıllığı oxunulub. Xloroplast DNT-si (cpDNA) məlumatları əsasında statistik etibarlı  ən  uyğun filogenetik ağacın qurulması üzərində işləri davam etdirilir.

Səfər müddətində tədqiqatçılar Berlin Botanika Bağı və Botanika Muzeyinin kitabxanasını ziyarət edib, həmçinin herbari fondunda herbari nüsxələrinin təftişini aparıblar.

Sonda Botanika İnstitutunda A.Fətdayeva, A. Əkbərova və S.Hacıyevanın təqdimatında keçirilən elmi seminarda ezamiyyətin nəticəsinə dair məruzələri dinlənilib.