Aprelin 1-də AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının tərkibində yaradılmış Elmi Seminarın iclasında Dendrologiya İnstitutunun dissertantı Vüsalə Bədəlovanın 2417.01 -“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçirilib. “Passiflora L. cinsinə aid bəzi növlərin Abşeronda introduksiyası, bioekoloji xüsusiyyətləri və fitokimyəvi tədqiqi” mövzusunda təqdim edilən dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktorları, professor Tahir Süleymanov və dosent Zümrüd Məmmədovadır. V.Bədəlova dissertasiyanın əsas müddəalarını ətraflı şərh edib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.