Aprelin 3-də AR ETN-nin Mikrobiologiya İnstitutunda nəzdində fəaliyyət göstərən FD 1.07 Dissertasiya şurasının elmi seminarında Botanika institutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin elmi işçisi Elgün Mustafabəylinin 2430.01 – “Mikologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçirilib. “Azərbaycan Respublikası Şəki rayonu ərazisində rast gəlinən papaqlı göbələklərin növ müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” mövzusunda təqdim edilən dissertasiya işinin elmi rəhbəri Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Dilzarə Ağayevadır. E. Mustafabəyli dissertasiyanın əsas müddəalarını ətraflı şərh edib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən Elgün Mustafabəylinin dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.