AR ETN Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə İnstitutun rəhbərliyi, Elmi şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak edib.
Elmi Şura öz işinə başlamazdan öncə Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi şuranın sədri Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva iclası giriş sözü ilə açaraq Zərifə xanım Əliyevanın zəngin mənəvi keyfiyyətlərindən və Azərbaycanda oftalmologiya elminin inkişafında əvəzsiz xidmətlərindən danışıb.
S.İbadullayeva: Akademik Zərifə xanım Əliyevanın müasir Azərbaycanımızın ictimai-siyasi və elm tarixində rolu, bir kişinin uğurlarında həyat yoldaşı amilinin, oğulun uğurlu fəaliyyətində, şəxsiyyətinin mahiyyətində ana qüdrətinin və alim zəhmətinin cəminə bərabərdir. Akademik Zərifə xanım elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Akademik vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Zərifə xanım Əliyeva “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları”, “Görmə orqanının zədələnməsi” və s.əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. 1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülən ilk qadın idi. Akademik ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
Sonra Elmi Şura öz işinə başlayıb. İnstitutun elmi katibi, b.ü.f.d. Nigar Mürsəlqızı gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda Botanika İnstitutunun doktorantura və dissertantura pilləsinə qəbul olmuş iddiaçılar barədə Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya elmləri üzrə Problem Şurasının qərarı ,İnstitutun doktorantura və dissertantura pilləsində təhsil alanların attestasiya nəticələri və dosent elmi adı almaq üçün sənəd təqdim etmiş iddiaçının namizədliyi və digər məsələlər müzakirə olunaraq şura üzvləri tərəfindən yekdil qərarlar qəbul olunub.
S.İbadullayeva Botanika İnstitutunun kollektivi adından “Biomorfologiya və fitointroduksiya” şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dos. Yusif Zeynalovun 75 illik yubileyi münasibəti ilə təbrik edib, ona can sağlığı və uzun ömür arzulayıb.
Elmi Şura cari məsələlər ətrafında müzakirə ilə başa çatıb.