Arxiv
Botanika İnstitutunun Müdafiə şurasında Nərmin Sadıqovanın b.ü.f.d. dissertasiya işinin müdafiəsi keçirilib
30.04.2024

Aprelin 30-da Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Nərmin İlham qızı Sadıqovanın 2417.01-“Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yenikənd su hövzəsinin flora və bitkiliyinin ekobioloji  tədqiqi və bərpası” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiə iclası keçirilib.

Dissertasiya işi biologiya elmləri doktoru, professor Səyyarə Cəmşid qızı İbadullayevanın rəhbərliyi altında yerinə yetirilib. İşin rəsmi opponentləri Biologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, professor Tariyel Hüseynəli oğlu Talıbov, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Novruz Məhəmməd oğlu Quliyev, biologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Kamal qızı Əsədovadır.

Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova şəxsi işdə olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.

İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib.

Tədqiqatın elmi yeniliyi kimi göstərib ki, İlk dəfə olaraq Yenikənd su hövzəsinin florasının konspekti tərtib edilmiş, 81 fəsiləyə aid 316 cins 594 növün yayıldığı təsdiqlənmiş, taksonların bioekoloji xüsusiyyətləri öyrənilmiş, onların yayılma qanunauyğunluqları təyin edilmişdir. Floranın ekobiomorfoloji təhlili aparılmış, məlum olmuşdur ki, tədqiq edilən ərazidə ümumi floranın 44,94%-ni hemikriptofitlər, 31,98%-ni isə terofitlər tutur. Həyati formalarına görə ümumi floranın 45,95 %- ni otlar,  9,25 %-ni kollar  tuturlar.  Ərazi florasını ekoloji qruplar üzrə təhlil edərkən, rütubətlənmə dərəcələri fərqli olan bitki nümunələrinin həyat şəraiti nəzərə alınmış, məlum olmuşdur ki, mezokserofitlər 117 növlə ümumi floranın 19,7%-ni, kseromezofitlər isə 92 növ olmaqla 15,5% təşkil edir. Ərazidə su-bataqlıq bitkilik tipində rast gəlinən hiqrofit növlərin faizlə göstəricisi 0,84%, hidrofitlərin isə 0,16% olmuşdur. Ərazi florasındakı növlər coğrafi təhlil edilməklə 9 areal tipinə daxil olan 86 sinif müəyyən edilmişdir. Nadir və endemik növlərin statusları müəyyən edilmişdir.

Ərazinin bitkiliyinin geobotaniki və ekoloji tədqiqinə əsasən 4 tip (yarımsəhra, kolluq, su-bataqlıq, vahə), 4 formasiya sinfi, 8 formasiya qrupu, 8 formasiya və 21 assosiasiya müəyyən edilmişdir. Aparılan molekulyar analizlər nəticəsində RAPD markerləri əsasında tətbiq olunan klaster və əsas komponentlərin analizi metodları ilə Azərbaycan mənşəli yövşan nümunələri arasında yüksək genetik polimorfizm aşkar edilmişdir.

Aparılan morfoanatomik tədqiqatlar nəticəsində yovşan növlərinin bir sıra xarakterik əlamətləri müəyyən edilmişdir. Kök ikinci quruluşu çox erkən keçir. Buna əsas səbəb yovşan növlərinin yaz rütubətindən istifadə edərək qısa bir dövrdə rizogenezi tam başa çatdırmasıdır. Arid zonalarda yay və payız aylarında rütubət az olduğundan kök rütubətli dövrdə çox intensiv inkişaf edir. Gövdədə ötürücü topalar mexaniki toxumalarla (kollenxim, sklerenxim və sklereidləşmiş hüceyrələr) müşahidə edilir. Bu isə yovşanların mexaniki möhkəmliyini və elastikliyini təmin edir.

İlk dəfə olaraq QGİS proqram təminatı ilə tədqiq edilən ərazinin marşrut xəritəsi hazırlanmış, və həmin ərazidə yayılmış bitkilik Yerin Məsafədən Zondlaması üsulundan istifadə edilərək deşifrə edilmişdir.

Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.

Gizli səsvermənin nəticələrinə əsasən, Nərmin Sadıqovanın  biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.