Mayın 17-də AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında institutun dissertantı Sevda İsmayıl qızı İbrahimovanın 2417.01-“Botanika” ixtisasında Biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan florasının Artemisia L. cinsinin bəzi növlərinin bioloji fəal maddələrinin və bioekoloji xüsusiyyətlərinin tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiə iclası keçirilib.
Dissertasiya işi biologiya elmləri doktoru Ədilə Novruz qızı Ələsgərovanın rəhbərliyi altında yerinə yetirilib. İşin rəsmi opponentləri biologiya elmlər doktoru, dosent Həsən Qərib oğlu Babayev, biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Xosrov qızı Qaraxani, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahilə Camal qızı Şahmuradovadır.
Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova şəxsi işdə olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.
İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib.
Tədqiqatın elmi yeniliyi kimi göstərib ki, klassik və müasir metodlardan istifadə edərək bitkilərin ehtiyatı, sıxlığı öyrənilmişdir. Azərbaycan florasında yayılan Asteraceae fəsiləsinin Artemisia L. cinsinin ilk dəfə olaraq 4 növü A.abrotanum, A.issaevii, A.pauciflora, A.maritima kimyəvi cəhətdən tədqiq edilmiş, A.abrotanum növünün yerüstü hissəsindən fərdi olaraq bitki üçün 2 yeni maddə: β- sitositerin (maddə St-1) element tərkibi C29H50O və ə.t. 138-139oC; β- stiqmosterin (maddə St-2) element tərkibi C29H48O və ə.t.170- 171oC; Elm üçün 2 yeni maddə: Artobrosterin A (maddə St-3) element tərkibi C29H48O və ə.t. 180-181oC; Artrabrosterin B (maddə St-4) element tərkibi C24H48O və ə.t.185,5 -1880C alınmışdır. İlk dəfə A.maritima növünün yerüstü hissəsindən 3-kristalik maddə: α-santonin, artemizin, qlabellin alınmışdır. A.issaevii və A.pauciflora növlərinin yerüstü hissəsindən alınmış maddələr cəminin komponent tərkibi müəyyən edilmiş, A.issaevii növündən 17 maddə, A.pauciflora növündən 59 maddə alınmışdır. A.abrotanum və A.issaevii növlərinin efir yağının, A.pauciflora və A. maritima növlərinin isə ekstraksiyasının fumiqant təsiri, 1 növün antimikrob, 3 növün virusilid təsiri öyrənilmişdir.
Artemisia issaevii növünün efir yağından ilk dəfə olaraq “Enterovirus etiologiyalı infeksiya əleyhinə vasitə” adlı patent alınmışdır. İxtira tibb sahəsinə xüsusilə virusologiyaya aiddir və enterovirus mənşəli diareyaların profilaktikasında istifadə edilməsi təklif edilir. Yovşan növlərindən alınmış bioaktiv maddələr – seskviterpen laktonlar və steroid birləşmələr farmakopiyada, müvafiq digər sənaye sahələrində tətbiq edilə bilər.
Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.
Gizli səsvermənin nəticələrinə əsasən, Sevda İbrahimova biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.