Mayın 29-u AR ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya Şurasının iclası keçirilib. Dissertasiya Şurasının sədri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçirilən iclasda institutun doktorantı Humirə Zəfər qızı Hüseynovanın 2417.01-“Botanika” ixtisasında Biologiya elmlər doktoru elmi dərəcəsi almaq üçün “Xəzər sahilinin florası, bitkiliyi və onların səmərəli istifadəsi (Azərbaycan Respublikası ərazisində)” mövzusunda təqdim etdiyi dissertasiya işi müdafiə olunub.
Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Elşad Məcnun oğlu Qurbanov, rəsmi opponentləri biologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, professor Tariyel Hüseynəli oğlu Talıbov, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Novruz Məhəmməd oğlu Quliyev, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor İlham Xəyyam oğlu Ələkbərov, biologiya elmlər doktoru, dosent Fatmaxanım Xalid qızı Nəbiyevadır. Dissertasiya işi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Ali bitkilərin sistematikası və filogeniyası şöbəsində yerinə yetirilmişdir.
Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova şəxsi işdə olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.
İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib.
Humirə Hüseynova tədqiqatın elmi yeniliyi kimi göstərib ki, Azərbaycanın Xəzər sahili ərazisində aparılmış çöl-geobotaniki tədqiqatlar və kameral-floristik araşdırmalar nəticəsində floranın konspekti müəyyənləşdirilmişdir. Ərazinin yabanı florasında 124 fəsilə, 506 cinsə aid 1054 növ bitki öyrənilmişdir: 40 mamırkimilər, 16 polipodiumkimilər, 5 buğumlular, 1 çılpaqtoxumlu, 992 örtülütoxumlu; bundan 758 növü ikiləpəlilər və 234 növü birləpəlilər aşkar olunmuşdur. Xəzər sahilinin florasında qeyd edilən növlərin ümumi sayı Azərbaycan florasının (4557 növə görə) 23,42%-ni təşkil edir.
Humirə Hüseynova onu da əlavə edib ki, tədqiqat işindən respublikanın digər botaniki-coğrafi rayonlarının ekoloji-fitosenoloji tədqiqatında, “Azərbaycan florası”, “Bitkilərin təyinediciləri”, “Azərbaycanın bitki örtüyü xəritəsi”, “Yaşıl” kitabların yenidən nəşrində, həmçinin “Azərbaycanın təbii yem sahələrinin Baş sxemi” və “Azərbaycan Respublikasının botaniki-coğrafi rayonlaşdırılması xəritəsi”nin hazırlanmasında istifadə etmək olar.
İddiaçı dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırıb. Dissertasiyanın nəticələri üzrə 27 məqalə və 14 tezis olmaqla, 41 əsərin çap edildiyini bildirib.
Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.
Gizli səsvermənin nəticələrinə əsasən, Humirə Hüseynova biologiya elmləri doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.