Mayın 30-da Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.07 Dissertasiya şurasının iclasında AR ETN Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilərin sistematikası şöbəsinin kiçik elmi işçisi Elgün Mustafabəylinin 2430.01 – Mikologiya ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın Şəki rayonunun papaqlı göbələklərinin müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.
Dissertasiya şurasının iclası AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Pənah Muradovun sədrliyi ilə keçirilib.
Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Günel Qasımova şəxsi işdə olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.
Dissertasiya işi biologiya elmləri doktoru, dosent Dilzarə Ağayevanın rəhbərliyi altında Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsində yerinə yetirilmişdir. Rəsmi opponentləri biologiya elmləri doktoru, dosent Nəzakət Hacıyeva, biologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Rzayeva, biologiya üzrə fəlsəfə doktoru Lalə Bunyatovadır.
İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib.
Elgün Mustafabəyli tədqiqatının elmi yeniliyi kimi göstərib ki, Şəki rayonu ərazisində yerinə yetirilən tədqiqat işi nəticəsində toplanılmış 500-dək nümunəyə əsasən 151 növ, 4 növ daxili takson (n.d.t.) daxil olmaqla 155 göbələk müəyyən edilmiş, onların siyahısı, rast gəlmə əraziləri dəqiqləşdirilmiş, ətraf mühitin və substratın təsviri, eləcə də müasir biliklər nəzərə alınaraq onların ekoloji qrupları müəyyənləşdirilmiş, nadir və qida əhəmiyyətli göbələklərin növ tərkibi qiymətləndirilmişdir.
Bütövlükdə araşdırılan növlər Ascomycota (Pezizales) və Basidiomycota (Agaricales, Boletales, Cantharellales, Gomphales, Russulales, Thelephorales) şöbələrinə aid 12 sıra, 40 fəsilə, 84 cins daxilində təsnifləşmişdir. Göbələk cinsləri arasında Morchella, Agaricus, Amanita, Boletus, Lactarius və Russula növ sayına görə dominant cinslərdir. Araşdırılmaya cəlb edilən növlərdən 53-ü Azərbaycan, 90-ı isə tədqiqat ərazisi üçün yeni olmuşdur.
İddiaçı dissertasiya işi üzrə 10 məqalə və 7 tezis olmaqla, 1 oçerk və 2 konfrans materialı olmaqla 19 əsərin çap edildiyini bildirib.
Sonda dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.
Gizli səsvermənin nəticələrinə əsasən, Elgün Mustafabəyliyə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.