Arxiv
“Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29)-Yaşıl dünya və insan sağlamlığı” mövzusunda beynəlxalq elmi-praktiki konfransın bağlanış mərasimi keçirilib
07.06.2024

Naxçıvan Muxtar Respublikasında keçirilən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən “Biomüxtəlifliyin dayanıqlığının təmin edilməsində yeni çağırışlar (COP29)-Yaşıl dünya və insan sağlamlığı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans bağlanış mərasimi ilə başa çatıb.

Tədbirdə çıxış edən Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva konfransın təşkilatçıları olan Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinə, konfransda iştirak edən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Bioresurslar İnstitutu, Naxçıvan Bioresurslar İnstitutu, Dendralogiya Bağı və s. elmi-tədqiqat müəssisələridən qatılan iştirakçılara, məruzəçilərə təşəkkürünü bildirib.

Professor konfransın işini yüksək qiymətləndirib, iki gün ərzində müxtəlif istiqamətlərdə geniş və maraqlı müzakirələr aparıldığını,  daxil olan tezislərin 8 istiqamət üzrə konfransın proqramına uyğun olduğunu vurğulayıb.

Sonda elmi məruzələrlə çıxış edənlərə sertifikatlar təqdim olunub.

Konfrans iştirakçıları üçün Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekspedisiya təşkil olunub. İştirakçılar, həmçinin Əshabi-Kəhf dağını da ziyarət ediblər.

Tədbir qala gecəsi ilə yekunlaşıb.