Arxiv
Botanika İnstitutunun alimi professor elmi adına layiq görülüb
10.07.2024

Prezident yanında Ali Attestasiya Komissiyasının (AKK) 25 may 2024-cü il tarixli qərarı ilə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Ali bitkilərin sistematikası və filogeniyası şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Musa oğlu Əsgərov biologiya elm sahəsi üzrə 2417.01- Botanika ixtisasından professor elmi adına layiq görülüb.

A.Əsgərov 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu biologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. O, 1972-ci ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Professor 4 kitabın və 2 monoqrafiya, 275 elmi məqalə və konfrans materiallarının müəllifidir. O, flora və sistematika sahəsində “Qafqazın qıjıkimiləri” (2001) və “Azərbaycanın bitki aləmi” (2016) monoqrafiyalarını, “Azərbaycanın ali bitkiləri” üçcildliyini (2005-2008), “Azərbaycan florasının konspekti” (2011) kitablarını nəşr etdirmiş, elm üçün 8 yeni növ, Qafqaz və ona bitişik regionlar üçün 2 yeni cins və 20 yeni növ aşkar etmiş, florogenez nəzəriyyəsinə yeniliklər gətirmişdir.

A.Əsgərov Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın hər 3 nəşrində əsas müəlliflərdən biri, sonuncu nəşrdə isə redaksiya heyətinin üzvü və işçi qrupunun rəhbəri olmuşdur. Bu sahədəki xidmətlərinə görə o, 2023-cü ildə “Ətraf Mühitin Mühafizəsi” sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Medalı”na və “AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı” na layiq görülmüşdür.

Alimin elmi rəhbərliyi ilə 4 nəfər biologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

A.Əsgərov tədris prosesində də fəal iştirak edir və hal-hazırda Bakı Dövlət Universitetinin “Botanika və bitki fiziologiyası” kafedrasının professorudur. O, “Qlobal Akademik Reputasiya  (QS)” layihəsində beynəlxalq ali təhsil ekspertidir.

Botanika İnstitutunun kollektivi Aydın müəllimi professor elmi adı almağı münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, gələcək elmi və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayır.