Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu öz elmi-təşkilatı fəaliyyətində mütəmadi olaraq Dövlət Siyasətini, Cənab Prezidentin sərəncamlarını əsas götürür və ona uyğun olaraq tədbirlər planını yerinə yetirir. Cari ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun, eyni zamanda ona olan inam və etibarın göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi botaniklər üçün xüsusi bir təntənəyə çevrilmişdir. Bu tədbirlər planına uyğun olaraq 2024-cü ildə Botanika İnstitutunun təşkilatçılığı ilə bir sıra beynəlxalq konfrans və dəyirmi masalar keçirilmişdir.
17-18 sentyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi, Botanika İnstitutu, Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı (BCAA) və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə AR ETN Botanika İnstitutunda COP29-a həsr olunmuş "Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin florasında problemlər və həlli yolları" adlı beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərinin həlli üzrə beynəlxalq təcrübəni bölüşmək, həmçinin, Botanika İnstitutunun alimləri tərəfindən Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərində aparılan tədqiqatlar haqqında əldə olunan nəticələri geniş auditoriyanın diqqətinə çatdırmaq və müzakirə etmək olmuşdur.
Azərbaycan Dövlət televiziyasında (AZTV) “Hədəf” proqramının bir buraxılışı AR ETN Botanika İnstitutunun təşkilatçılığı ilə COP 29 çərçivəsində keçirilmiş beynəlxalq konfransın nəticələrinə həsr olunmuşdur. Proqramda Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva, Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutunun direktor müavini, Turpan Botanika Bağının direktoru, Professor Zhang Daoyuan, Sincan Ekologiya və Coğrafiya İnstitutunun nəzdində İli Botanika Bağının direktor müavini, Professor Liu Huiliang tərəfindən konfransda işıqlandırılan məsələlər barədə, eləcə də iqlim dəyişikliyi, Qarabağ və Şərqi Zəngəzurun aran ərazilərinin flora və bitkiliyinin müasir vəziyyəti, orada floranın bərpası istiqamətində beynəlxalq təcrübədən istifadə etməklə gələcəkdə görülməsi planlaşdırılan müştərək tədqiqatlar barəsində ictimaiyyətə geniş məlumat verilmişdir.
Professor Səyyarə İbadullayeva çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsində Azərbaycan botanikləri də öz töhfəsini verməkdədir. 2024-cü ilin aprel və iyun aylarında Laçın, Zəngilan və Şuşa ərazilərində yerli icmalarla, məktəblilərlə dəyirmi masalar təşkil olunmuş, “Xalq təbabətinin undulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmaları yaddaşlarından)” adlı kitab və Böyük Qayıdışa töhfə olaraq Azərbaycan florasında yayılan bitkilərin arıların, ev quşlarının müalicəsində, baytarlıq təbabətində istifadəsinə dair 100-dən çox dərman bitkisi haqqında məlumatlar toplanmış 3 bukletin və 2 broşurun treninq formatda təqdimatı keçirilmiş, onlar kitabxanalara hədiyyə edilmiş, eləcə də yerli icmalara paylanılmışdır.
Professor həmçinin 2022-ci ildən Botanika İnstitutunun dünya elm məbədlərinin bir çoxu ilə 21-dən çox yeni əməkdaşlıq memorandumunun da bağlandığını qeyd etmişdir. Bu memorandumlar əsasında aparılan müştərək tədqiqatlar Azərbaycanda müasir Botanika elminin inkişafına böyük töhfə verir. Eyni zamanda əməkdaşlarımız həmin elmi müəssisələrdə müasir təcrübə metodikalarından yararlanırlar.
2024-cü ildə Botanika İnstitutu hazırda keçirilən beynəlxalq konfransın təşkilatçılarından olan COP 15-də təsis olunmuş “Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı”na (BCAA-Biodiversity Conservation Alliance for Arid Land) üzv seçilmişdir. Bu əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin bərpası istiqamətində davamlı elmi-praktiki əsaslara söykənən tədqiqatlar aparılacaqdır və ümid edirik ki, botanik alimlərin səyi nəticəsində vaxtilə çox zəngin floraya malik olmuş Qarabağ və Şərqi Zəngəzur torpaqları öz əvvəlki vəziyyətinə qayıdacaq.
Proqramda konfransın sonunda hazırlanmış bəyannamə haqqında da fikirlər səsləndirilib və bunun nəticəsi olaraq bir çox gələcək yeni əməkdaşlığın təməlinin qoyulduğu da bildirilib.
Professor Səyyarə İbadullayeva çıxışının sonunda 44 günlük müharibdə qazanılmış şanlı zəfərə, Azərbaycan torpaqlarını öz əvvəlki bütövlüyünə qovuşdurduğuna görə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Əsgərinə öz minnətdarlığını bildirib. Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva İnstitutu yeni bina ilə təmin etdikləri üçün ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz adından və bütün kollektiv adından dərin minnətdarlığını bildirib, bu hadisənin İnstitutda çalışan alimlərdə böyük stimul yaratdığını, nikbin yaradıcılıq ruhunun doğurduğunu bildirib.